Azərbaycan, Bakı, 8 avqust /Trend, müxbir А.Аxundov/
Avqust ayının 1-dən etibarən Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) "Royal Bank" ASC-nin əmanətçilərinə agent banklar vasitəsilə kompensasiya ödənişinə başlayıb. Seçilmiş üç agent bank tərəfindən artıq 762 əmanətçiyə əmanəti üzrə kompensasiya ödənilib.
Trend Fondun saytına istinadən məlumat verir ki, bu əmanətçilərdən 356 nəfərinə "Muğanbank", 226 nəfərinə "AG Bank", 180 nəfərinə isə Bank Respublika tərəfindən xidmət göstərilib. Ümumilikdə, qorunan əmanətçilərə cəmi 8,781,999 manat kompensasiya ödənilib.
Bunlardan 6,713,187 manatda, 2,016,277 (AZN ekvivalentində) ABŞ dollarında və 52,535 (AZN ekvivalentində) avroda ödənilib.
Qeyd edək ki, kompensasiya məbləği ABŞ dolları və avroda olduğu təqdirdə, qanuna əsasən Mərkəzi Bankın sığorta hadisəsi baş verdiyi günə, yəni 16 iyul 2012-ci il tarixinə olan valyuta məzənnəsi götürülür və həmin günə ABŞ dollarının məzənnəsi 0.7855 AZN və avroda 0.9616 AZN kimi götürülməlidir.
Artıq qorunan əmanətçilərin 54 faizi əmanətləri üzrə kompensasiya alıb.
Qeyd edək ki, kompensasiya almaq üçün müraciət edən əmanətçilərin sənədləri qaydasında olduğu təqdirdə, həmin şəxslərə operativ şəkildə kompensasiya ödənilbi, problem olduğu halda isə əmanətçinin ərizəsi alınaraq araşdırılması üçün aidiyyəti yerə yönləndirilib.
Əmanətçilərdən kompensasiya ödənişləri üzrə ərizələrin qəbulu 20 iyul 2013-cü il tarixinə qədər davam edəcək.