Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir A.Axundov/
Azərbaycanın "Pasha Construction" tikinti şirkəti Bakıda iri ticarət mərkəzinin tikintisini gələn ilin yazında başa çatdırmağı planlaşdırır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə şirkətin icraçı direktoru Rendolf Dekker bildirib.
"Bu günlərdə "28 Mall" istifadəyə verildi. Biz yazda daha bir "shopping-mall" açacağıq. O, "Port Baku Residence"in üç alt mərtəbəsində yerləşəcək və Bakıda ən iri olacaq. "Port Baku Residence"in tikintisi 2013-cü ildə tamamilə başa çatdırılacaq", - Dekker deyib.
Şirkət neft sektorunda xeyli sayda layihələr üzərində işləyir.
"Bizim çoxlu maraqlı layihələrimiz var, onlar barədə hələ ki danışa bilmərəm", - Dekker qeyd edib.
Onun sözlərinə görə, şirkət hələlik "Baku White City" layihəsində iştirak etmir.
"İştirakımız mümkündür, hələlik biz bu layihədə iştirak etmirik", - Dekker vurğulayıb.