...

Ərdoğan: Azad ticarət zonasının yaradılması İƏT ölkələri arasında əmtəə dövriyyəsini səkkiz dəfə artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2012 15:25 (UTC +04:00)
Türkiyə ümid edir ki, növbəti illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) gücünü və təsirini möhkəmləndirəcək və qurumun üzv ölkələri üçün yüksək əməkdaşlıq potensialını nəzərdə tutan təşkilata çevriləcək.
Ərdoğan: Azad ticarət zonasının yaradılması İƏT ölkələri arasında əmtəə dövriyyəsini səkkiz dəfə artıracaq

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir S.Əliyev/

Türkiyə ümid edir ki, növbəti illərdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) gücünü və təsirini möhkəmləndirəcək və qurumun üzv ölkələri üçün yüksək əməkdaşlıq potensialını nəzərdə tutan təşkilata çevriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan İƏT sammitində çıxışında deyib.

Onun sözlərinə görə, İƏT-in əhatə etdiyi coğrafi məkanda son 20 ildə çox vacib iqtisadi və siyasi dəyişikliklər baş verib.

"Dünya iqtisadi böhranı bir daha göstərdi ki, region ölkələri birlikdə olmalı və iqtisadi, enerji, nəqliyyat sahələrində əməkdaşlıq etməlidirlər. Ölkələr böhranın fəsadlarından maksimum yan keçmək üçün bir-birini məlumatlandırmalıdırlar", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyə bununla əlaqədar adıçəkilən sahələrdə İƏT ölkələri arasında əməkdaşlığı genişləndirməyə çalışır. İƏT ölkələri 2015-ci ilədək təşkilat çərçivəsində qarşılarına inkişaf məqsədini qoyublar.

"Bu mənada İƏT-in XII sammitinin keçirilməsi bu inkişafın məqsəd və prinsiplərinin müəyyənləşdirilməsi, həmçinin buna nail olmaq baxımından əhəmiyyətlidir", - Baş nazir deyib.

Ərdoğanın sözlərinə görə, İƏT-ə üzv ölkələrin (10 ölkə) ümumi ÜDM-i 1,7 trilyon dollara çatır ki, bu da dünya ölkələrinin ümumi ÜDM-nin 2,4 faizini təşkil edir.

"Bu, olduqca cüzi göstəricidir. Adambaşına düşən gəlir təqribən 4 min dollardır. İƏT ölkələrinin ümumi əmtəə dövriyyəsi 768 milyard dollar səviyyəsindədir ki, bu da ümumdünya əmtəə dövriyyəsinin 2 faizini təşkil edir", - Baş nazir vurğulayıb.

Ərdoğan qeyd edib ki, bu rəqəmlər İƏT ölkələrinin iqtisadi potensialının göstəricisidir.

Onun sözlərinə görə, İƏT ölkələrinin ticarətinin qarşısında bütün maneələrin aradan qaldırılması və bəzi gömrük və vergi rüsumlarının ləğvi və ya sadələşdirilməsi təşkilatın üzv ölkələri arasında ticarətin inkişafı üçün yaxşı imkan ola bilər.

"İƏT ölkələri 2015-ci ilədək qarşılarına azad ticarət zonalarının yaradılması məqsədini qoyublar. Lakin hazırda bu layihənin kiçik hissəsi belə yerinə yetirilməyib. Azad iqtisadi ticarət zonasının yaradılmasından sonra İƏT ölkələri arasında əmtəə dövriyyəsi 8 dəfə artacaq", - Ərdoğan deyib.

Türkiyə, həmçinin, İƏT ölkələrini ECOBANK-a daxil olmağa dəvət edib.

"İƏT ölkələrinin iqtisadiyyatının inkişafı üçün birgə və ikitərəfli investisiyaları stimullaşdırmaq, habelə kənd təsərrüfatında əməkdaşlığı genişləndirmək lazımdır. Bu məqsədlə noyabrın 13-16-da Antalyada İƏT-ə üzv ölkələrin kənd təsərrüfatı nazirlərinin konfransı keçiriləcək", - Baş nazir qeyd edib.

Onun sözlərinə görə, nəqliyyat sahəsi bütün ölkələrin iqtisadiyyatının inkişafında vacib rol oynayır. İƏT ölkələrinin inkişafı üçün tarixi "İpək yolu"nu bərpa etmək lazımdır. Bu məsələdə İƏT-in üzərinə böyük məsuliyyət düşür.

"Bakı-Tbilisi-Qars dəmiryol layihəsi "İpək yolu"nun bərpa edilməsi üçün vacib layihədir", - Ərdoğan deyib və əlavə edib ki, bu layihə sayəsində Asiya və Avropa arasında birbaşa əlaqə qurulacaq.

Baş nazir bildirib ki, layihə bütün regionun inkişafına, həmçinin Asiya və Avropa arasında əməkdaşlığın möhkəmləndirilməsinə təkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti