Azərbaycan, Bakı, 1 noyabr /Trend, müxbir A.Axundov /
Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ildə ölkədə ən azı 2,7-2,8 milyon ton dənli bitkilərin yığımını proqnozlaşdırır.
Trend-in məlumatına görə, bu barədə cümə axşamı kənd təsərrüfatı naziri İsmət Abbasov bildirib.
Doqquz ayın yekunları üzrə ölkədə 2,763 milyon taxıl yığılıb ki, bunun 1,844 milyonu ərzaq buğdasıdır.
Onun sözlərinə görə, sevindirici hal odur ki, bu il dənli bitkilərin məhsuldarlığı 1,6, taxılın məhsuldarlığı isə 1,7 faiz artıb.
"Bunlar müsbət göstəricilərdir. İri fermer təsərrüfatlarının işə başlamasından, torpaqdan istifadənin səmərəliliyinin artmasından sonra biz ölkənin bütün tələbatını ödəməyə imkan verən həcmdə taxıl istehsal edə biləcəyik", - Abbasov bildirib.
Qeyd edək ki, bu gün Azərbaycanda kənd təsərrüfatı işçilərinin peşə bayramıdır.