Azərbaycan, Bakı, 7 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Nizami rayonunun Keşlə qəsəbəsində "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Fond tərəfindən Nizami rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
-müasir çörək zavodunun yaradılması;
-kiçik və orta həcmli tikişçilik, toxuculuq müəssisələrinin yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]