Azərbaycan, Bakı, 7 noyabr /Trend/
İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin, bir sıra dövlət qurumlarının və ali təhsil müəssisələrinin, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.
İclası giriş sözü ilə açan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkəmizin qazandığı iqtisadi uğurlar barədə məlumat verib. Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdıran Səfərov qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsi və sosial-iqtisadi tədqiqatların aparılnası sahəsində əhəmiyyətli rol oynadığını qeyd edib. İƏT üzvü olan ölkələrlə ticarət dövriyyəsinin 2011-ci ildə əvvəlki ilə nisbətən 37,79% artdığını diqqətə çatdıran nazir müavini Azərbaycan və İƏT arasında əlaqələrin daha da genişlənəcəyinə əminliyini bildirib.
İƏT-in İqtisadi Tədqiqatlar, Statistika və Layihələr Departamentinin rəhbəri Bayan Adilbekova ölkəmizin dinamik iqtisadi inkişafından və İqtisadi Tədqiqatlar üzrə Daimi İşçi Qrupunun 2-ci iclasının Bakıda keçirilməsindən məmnunluğunu bildirib, bu tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyini vurğulayıb.
İqtisadi İslahatlar Elmi-Tədqiqatlar İnstitutunun direktoru Vilayət Vəliyev çıxışında İƏT-in İqtisadi Tədqiqatlar üzrə İşçi Qrupunun sosial-iqtisadi sahədə apardığı araşdırmaların üzv ölkələr arasında iqtisadi əməkdaşlığın inkişafında və birgə layihələrin həyata keçirilməsində əhəmiyyətini qeyd edib.
Tədbirdə İƏT-ə üzv ölkələrin sosial-iqtisadi tədqiqatların aparılması sahəsindəki təcrübələri dinlənilib, gündəlikdə olan digər məsələlər müzakirə olunub.
Növbəti gün - noyabrın 8-də isə İƏT-in "İqtisadiyyat" jurnalının redaksiya heyətinin iclası keçiriləcək.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Əfqanıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkmənistan İƏT üzvləridir.