...

Yeni müəssisələrin yaradılması Azərbaycanın qeyri-neft sənayesinin 18 faiz artmasına səbəb olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Noyabr 2012 14:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir A.Axundov/

Cari ilin I yarısında Azərbaycanın bölgələrində 170-dən artıq yeni müəssisə istismara verilib, 450-dən artıq müəssisənin yaradılması davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı iqtisadi inkişaf naziri Şahin Mustafayev Milli Məclisdə 2013-cü il və növbəti 3 il üçün dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

"Sənayeləşdirmə siyasətinin aparılması nəticəsində I yarımillikdə 50-dən artıq sənaye müəssisəsi və istehsalat sahəsi işə salındı. Hazırda tikiş və toxuculuq sənayesi, kağız və karton emalı, plastik boru və digər plastik məmulatların istehsalı, karton və tara istehsalı üzrə fabrikin, elektrotexniki avadanlığın istehsalı zavodunun tikintisi sahələrində 120-dən artıq sənaye müəssisənin yaradılması davam edir", - Mustafayev qeyd edib.

Onun sözlərinə görə, həyata keçirilən bu tədbirlər nəticəsində 2013-cü ildə qeyri-neft sənayesinin 18,1 faiz, sonrakı 3 ildə isə orta hesabla 11,2 faiz artacağı gözlənilir.

2013-cü ildə kimya sənayesinin 66,4 faiz, sonrakı 3 ildə isə orta hesabla 18,7 faiz artacağı proqnozlaşdırılır.

"Kimya sənayesinin artımı bu sahədə işləyən müəssisələrin istehsalat güclərinin artması, onların müasirləşdirilməsi, habelə istehsal edilən məhsulların çeşidinin genişləndirilməsi hesabına gözlənilir", - Mustafayev qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti