...

Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsində iqtisadi tədbirlər hazırlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2012 16:38 (UTC +04:00)
Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkədə qeyri-formal məşğulluqla mübarizəni sərtləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.
Azərbaycanda qeyri-formal məşğulluqla mübarizə çərçivəsində iqtisadi tədbirlər hazırlanır

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir A.Axundov/

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu (DSMF) ölkədə qeyri-formal məşğulluqla mübarizəni sərtləşdirib. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə DSMF sədri Səlim Müslümov bildirib.

"İşəgötürənlərin öz əməkdaşlarını qeydiyyatdan keçirməsindən və işçilərin əməkhaqqını qanuniləşdirməkdən boyun qaçırması ilə mübarizənin inzibati və iqtisadi yolları var. İnzibati ölçülər son zamanlar intensivləşdirilib. Yalnız son üç ay ərzində DSMF-yə Vergilər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən təxminən 190 min nəfərə dair yeni əmək müqavilələri haqqında rəsmi məlumatlar daxil olub. Biz indi həmin məlumatlar üzərində işləyirik", - Müslümov deyib.

Onun sözlərinə görə, Fond bu problemin həllinin iqtisadi metodu kimi qanunvericiliyə dəyişiklikləri təklif edib.

"DSMF iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkhaqqı fondunun satış həcminə nisbətdə minimal səviyyəyə olan tələblərin tətbiqini nəzərdə tutan sosial sığorta haqqında qanuna dəyişikliklər etməyi təklif edir. Və bu səviyyədən asılı olaraq, işəgötürənlər tərəfindən icbari dövlət sosial sığortası üzrə ödənişlərin minimum həcmini hesablamaq olar", - Müslümov qeyd edib.

Fond sədrinin sözlərinə görə, bu təcrübə müxtəlif ölkələrdə, o cümlədən Türkiyədə uğurla tətbiq edilir.

"Azərbaycanda bu metodun tətbiqi işçilərin qeydiyyatının və onların əməkhaqqının qanuniləşdirilməsinin intensivliyini yüksəltməyə imkan verəcək. Biz İqtisadi İnkişaf Nazirliyi ilə birgə bu məsələləri öyrənirik. İki ayı ərzində 10-dan çox görüş keçirilib, DSMF və İqtisadi İnkişaf Nazirliyinin əməkdaşları bu sahədə təcrübənin öyrənilməsi üçün Türkiyədə olublar", - o bildirib.

Azərbaycanda sosial sığorta ödənişlərinə əməkhaqqının məbləğindən 25 faiz yönəldilir ki, bunun 22 faizini işəgötürən ödəyir, üç faiz isə əməkdaşın maaşından tutulur. Hazırda DSMF-da sığortalanmış fərdi hesablara malik şəxslərin ümumi sayı 2,150 milyon nəfərə çatır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti