Azərbaycan, Bakı, 3 dekabr /Trend, müxbir A.Axundov /
Azərbaycanın vergi orqanlarında qeydiyyatdan keçən fiziki şəxslərin 60 faizindən çoxu bunu internet vasitəsilə həyata keçirir. Bu barədə bazar ertəsi Trend-ə vergilər nazirinin müavini Sahib Ələkbərov bildirib.
"Fiziki şəxslərin elektron qeydiyyatına ötən il iyulun 1-dən başlanıb və bu günədək qeydiyyatdan keçən fiziki şəxslərin 60 faizindən çoxu bunu elektron qaydada həyata keçirib", - Ələkbərov deyib.
Onun sözlərinə görə, Azərbaycanın vergi sistemində qeydiyyat məsələsi çox müsbət dinamika ilə inkişaf edir.
Vergilər Nazirliyi 2012-ci ildə vergi bazasının planauyğun genişləndiyini qeyd edir: yalnız yanvar-sentyabr ərzində o 46864 vergi ödəyənədək artıb. Bu dövr ərzində ölkədə 54939 vergi ödəyicisi qeydiyyatdan keçib. Bununla yanaşı 2011-ci il iyunun birindən 2012-ci il oktyabrın birinədək 43921 fərdi sahibkarın (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) elektron qeydiyyatı həyata keçirilib.