Azərbaycan, Bakı, 11 dekabr /Trend
Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Avropa və Avrasiya ölkələri üzrə administratorunun müşaviri xanım Aleksandr Peyci qəbul edib.
Maliyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə Amerika-Azərbaycan iqtisadi əməkdaşlıq münasibətlərinin inkişaf istiqamətləri, respublikamızda həyata keçirilən iqtisadi islahatlar üzrə layihələrin birgə maliyyələşdirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər arasında "Regional sosial-iqtisadi inkişafa dəstək", ölkədə infrastrukturun, kənd təsərrüfatının inkişafı və digər sahələrdə həyata keçirilən proqramlar müzakirə olunub, Azərbaycan hökuməti ilə USAID-ın mühüm iqtisadi tərəfdaş kimi faydalı əməkdaşlığının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.