...

İran iqtisadiyyatının “böyük cərrahi əməliyyatı”

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Dekabr 2012 14:57 (UTC +04:00)
2010-cu ilin dekabr ayında İran iqtisadiyyatında yaddaqalan hadisə baş verdi. Belə ki, İran Prezidenti Mahmud Əhmədinejad subsidiyalaşdırma islahatları planının (ünvanlı subsidiyaların ləğv edilməsi) layihəsinin icrasına başladığını açıqladı və bu layihəni İranın zəfiləmiş iqtisadiyyatı üçün "böyük cərrahi əməliyyat" kimi dəyərləndirdi.
İran iqtisadiyyatının “böyük cərrahi əməliyyatı”

Azərbaycan, Bakı, 19 dekabr /Trend/

Təmkin Cəfərov, Trend-in icmalçısı

2010-cu ilin dekabr ayında İran iqtisadiyyatında yaddaqalan hadisə baş verdi. Belə ki, İran Prezidenti Mahmud Əhmədinejad subsidiyalaşdırma islahatları planının (ünvanlı subsidiyaların ləğv edilməsi) layihəsinin icrasına başladığını açıqladı və bu layihəni İranın zəfiləmiş iqtisadiyyatı üçün "böyük cərrahi əməliyyat" kimi dəyərləndirdi.

Əhmədinejad televiziyada çıxışı zamanı subsidiyaların ləğvinin ölkədə sosial ədalətin təmin edilməsi, iqtisadiyyatın güclənməsi və korrupsiya ilə mübarizəyə səbəb olacağını açıqladı. Artıq iki ildir bu layihə həyata keçirilir və bu müddət ərzində bir çox hadisələr baş verib.

Hələ 2008-ci ildə İran Prezidenti Mahmud Əhmədinejad parlamentə (İslami Şura Məclisi) enerji sektoru üçün subsidiyaların ləğv edilməsinə və 70 milyon əhali üçün adam başına 50-70 dollar (sonradan 37 dollara qədər azaldıldı) sosial yardımın ödənilməsinə dair planı təqdim etmiş, parlament isə bu təşəbbüsün inflasiyaya səbəb olacağını nəzərə alaraq onu qəbul etməmişdi. Bununla yanaşı, parlamentdə çıxışları zamanı iqtisadiyyat naziri Şəmsəddin Hüseyni də o dövrdə enerji sektoru üçün ildə 50 milyard dollar təşkil edən subsidiyaların ləğv edilməsinin vacibliyini qeyd etmişdi.

Əhmədinejad hökuməti subsidiyaların ləğv edilməsi ilə dövlət xərclərini azaltmağa ümid edirdi. Lakin görünən odur ki, bu müddət ərzində dövlət xərcləri azalmayıb, bəlkə də əksinə, daha da çoxalıb.

İranın İLNA agentliyinin məlumatına görə, İran parlamentinin Araşdırmalar Mərkəzi oktyabr ayında yayımladığı sonuncu məruzəsində bildirib ki, ölkənin potensial istehsal gücü cari ildə 2011-ci illə müqayisədə 50,2 faiz azalıb, eləcə də bu müddət ərzində ölkədə istehsal sahəsində çalışan şirkətlərin sayı 40,3 faiz azalıb. İstehsal şirkətlərinin məhsullarının qiyməti isə artıb.

Məlumata əsasən, İranın Mərkəzi Bankının inflyasiyanın səviyyəsini 26 faiz olduğunu elan etməsinə baxmayaraq, ekspertlər hesab edirlər ki, hazırda ölkədə inflyasiyanın səviyyəsi 30 faizdir. Likvidlik dərəcəsi 2011-ci ildəki təxminən 253 milyard dollardan hazırda 326 milyard dollara qədər artıb. İşsizlik səviyyəsi kənd təsərrüfatı sahəsində 20,3 faiz, sənaye sahəsində 32,4 faiz, xidmətlər sahəsində isə 47,3 faizə qədər artıb. Bütün bunları, eləcə də büdcədə 23 milyard dollarlıq defisitin yaranmasını, neft gəlirlərinin büdcə xərclərinin ödənilməsinə yönəldilməsini, istehsal sahəsinə aid subsidiyaların ödənilməməsini subsidiyaların ləğvi layihəsinin İran iqtisadiyyatına "hədiyyəsi" kimi görmək olar.

Bəlkə də elə bu səbəbdəndir ki, parlament subsidiyalaşdırma islahatları planının ikinci mərhələsinin həyata keçirilməməsi ilə bağlı qərar verib. Lakin İranın energetika naziri Məcid Namju ötən gün bəyan edib ki, dövlət subsidiyalaşdırma islahatları planının ikinci mərhələsini həyata keçirəcək. Namju parlamentin sözügedən qərarını qanunazidd adlandırıb.

Ötən illərin təcrübəsi göstərir ki, adətən yeni hökumət özündən əvvəlki hökumətin icra etdiyi layihələri unudur və öz yeni layihələrinin icrasına üstünlük verir. 2013-cü ilin iyununda İranda prezident seçkilərinin keçiriləcəyini nəzərə alaraq, demək olar ki, subsidiyalaşdırma islahatları planının ikinci mərhələsinin icra edilib-edilməyəcəyi sual altındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti