"AtaBank" ASC-nin "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə start verib. Bankdan Trend-ə verilən məlumata görə, bununla bağlı mətbuat konfransı keçirilib. Mətbuat konfransında "AtaBank" ASC idarə heyətinin sədr müavini Etibar Babaşlı,sədr müavini Dəyanət Quliyev və "AtaHolding" ASC idarə heyətinin sədr müavini Rəşad Əliyev iştirak ediblər.
"AtaBank" ASC idarə heyətinin sədr müavini Etibar Babaşlı bankın yeni kampaniyası ilə bağlı bildirib: "AtaBank ASC "Nağdsız ödə, nağd qazan" ani stimullaşdırıcı lotereya kampaniyasının 2-ci mərhələsinə 01mart 2013-cü il tarixindən start verib. Lotereya 01 mart 2013-ci il tarixindən 31 dekabr 2013-ci il tarixinədək davam edəcəkdir. Lotereyada "AtaBank" ASC tərəfindən ticarət, ictimai-iaşə və ya xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə Azərbaycanda fəaliyyət göstərən istənilən bank tərəfindən emissiya edilən ödəniş kartları ilə nağdsız əməliyyatlar aparan fiziki şəxslər iştirak edə bilərlər".
Ani stimullaşdırıcı lotereyada təqvim ayı ərzində ümumilikdə 20 manat məbləğində əməliyyatlar aparan kart istifadəçiləri iştirak hüququ əldə edirlər. Kampaniyada iştirak etmək üçün lotereya kuponlarını əldə etmək lazımdır. Ani stimullaşdırıcı lotereya kuponlarının əldə edilməsi üçün ödəniş kart istifadəçisi təqvim ayı ərzində "AtaBank" ASC-nin POS-terminallar şəbəkəsində, nağdsız aparılmış əməliyyatlar üzrə çekləri toplayaraq bankın istənilən filial və ya şöbəsinə müraciət etməlidir. Ödəniş kart istifadəçisi təqdim edəcəyi hər 20 manat məbləğində olan çeklər üçün bir ani stimullaşdırıcı lotereya kuponu əldə edir.
Qeyd edək ki, kampaniyada maksimal məbləği 1000 manat olmaqla minlərlə uduşlar vardır. Əlavə edək ki, kampaniyanın keçirilməsində məqsəd bank ölkədə nağdsız ödənişlərin stimullaşdırılması sahəsində aparılan tədbirləri sürətləndirməkdir. Hazırda, "AtaBank" AC-nin pos terminallarının sayı 10 000-ə yaxındır. Ani stimullaşdırıcı lotereyanın şərtləri və qaliblər haqqında məlumatlar mütəmadi olaraq www.atabank.com internet səhifəsində, sosial şəbəkələrdə (www.facebook.com/ AtaBank, twitter.com/AtaBank_ASC) və kütləvi informasiya vasitələrində işiqlandırılacaq.