...

Azərbaycan və Qətər birgə investisiya fondu yaradacaqlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Mart 2013 18:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 mart /Trend/

Martın 17-18-də iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən ibarət nümayəndə heyəti Qətər Dövlətində səfərdə olub. Nümayəndə heyətinə təhsil nazirinin müavini Qulu Novruzov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Rövşən Nəcəf, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Rüfət Məmmədov, "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktor müavini Zaur Məmmədov, "Yüksək Texnologiyalar Parkı" MMC-nin icraçı direktoru Seymur Ağayev və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri daxil idi.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirib, müxtəlif müəssisələrin fəaliyyəti ilə tanış olub. Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Hamad bin Cassim Al Tani ilə keçirilmiş görüşdə birgə investisiya fondunun yaradılması, kənd təsərrüfatı, infrastruktur, turizm, elm, təhsil, texnologiya sahəsində əməkdaşlıq məsələləri, əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə edilib. Qətərin Baş naziri Azərbaycan nümayəndə heyətinin Qətərə səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu, ölkəmizdəki iqtisadi inkişafın Qətərdə maraqla izləndiyini vurğulayıb, iki ölkə arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişafı üçün geniş potensialın olduğunu bildirib. Görüşdə Qətərin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyi qeyd edilib.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycanda xarici ölkələrlə, o cümlədən Qətər Dövləti ilə əlaqələrin genişlənməsinə önəm verildiyini vurğulayıb, ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığını bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin 2004-cü ildə Qətərə, Qətər Dövlətinin əmiri Şeyx Həməd bin Xəlifə Al Taninin isə 2007-ci və 2012-ci illərdə Azərbaycana rəsmi və işgüzar səfərlərini xatırladan nazir Şahin Mustafayev keçirilmiş görüşlərin, aparılmış müzakirələrin, imzalanmış sənədlərin iki ölkə arasında əlaqələrin inkişafında xüsusi önəm kəsb etdiyini diqqətə çatdırıb.

Qətərin sənaye və energetika naziri Mohammed bin Saleh Al Sada ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə ölkələrimiz arasında iqtisadi sahədə, o cümlədən sənaye sahəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Nazir Şahin Mustafayev Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş olduğunu bildirib, ölkəmizin enerji potensialı barədə məlumat verib, Azərbaycanın enerji ixracatçısı olduğunu vurğulayıb. O, həmçinin Azərbaycanda Sumqayıt Kimya Sənaye Parkının yaradılması istiqamətində görülən işlər barədə məlumat verib, Qətərin neft-kimya sənayesi sahəsində böyük təcrübəyə malik olduğunu qeyd edərək Qətər şirkətlərini sənaye parkına investisiya yatırmağa dəvət edib.

Mohammed bin Saleh Al-Sada isə ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişlənməsində maraqlı olduğunu vurğulayıb və bunun üçün hər iki ölkənin böyük potensiala malik olduğunu qeyd edib.

Azərbaycan nümayəndə heyətinin Qətər Dövlətinin iqtisadiyyat və maliyyə naziri Yousif Hussain Kamal ilə keçirilmiş görüşündə nazir Şahin Mustafayev hazırda ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə əməkdaşlığın uğurla davam etdiyini, iki ölkə arasında indiyədək 10-dan çox sənədin imzalandığını vurğulayıb. O, infrastruktur, kənd təsərrüfatı, ticarət, turizm, elm, təhsil və texnologiya, birgə investisiya fondunun yaradılması sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Görüşdə Qətərdə həyata keçiriləcək infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirak edə biləcəyi, kənd təsərrüfatı sahəsində birgə emal müəssisələrinin yaradılması, turizm sahəsində əməkdaşlıq, birgə investisiya fondunun yaradılması ilə Azərbaycana, Qətərə və üçüncü ölkələrə sərmayə qoyuluşu imkanları, elm və təhsil sahəsində əməkdaşlıq məsələləri də müzakirə edilib. Görüşdə nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı barədə də məlumat verib.

Qətərin biznes və ticarət naziri Şeyx Cassim bin Abdulaziz Al -Thani ilə Azərbaycan nümayəndə heyəti arasında keçirilmiş görüşdə iş adamları arasında əməkdaşlıq, AZPROMO və Azərbaycan İnvestisiya Şirkəti ilə Qətərin müvafiq qurumları arasında əməkdaşlıq məsələləri müzakirə edilib, hər iki ölkənin biznes dairələri arasında əlaqələrin daha da genişləndirilməsi üçün biznes forum və sərgilərin təşkil edilməsinin əhəmiyyəti vurğulanıb.

Azərbaycan nümayəndə heyəti, həmçinin Qətərin "Mesaieed" sənaye şəhərciyində olub, burada 10-dan çox müəssisənin fəaliyyəti ilə tanış olub. "Mesaieed" sənaye şəhərciyinin direktoru Abdulaziz Al Mufta ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə sənaye şəhərciyi və burada fəaliyyət göstərən müxtəlif müəssisələr barədə məlumat verilib. Nazir Şahin Mustafayev Azərbaycanda da Balaxanı Sənaye, Sumqayıt Kimya Sənaye və Sumqayıt Yüksək Texnologiyalar parklarının yaradılması istiqamətində zəruri işlərin görüldüyünü qeyd edib, bu parkların yaradılmasının ölkədə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına müsbət təsir göstərəcəyini vurğulayıb.

Qətər İnvestisiya Qurumunun "Qatari Diar" İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Xalid Al Sayed ilə keçirilmiş görüşdə Azərbaycan nümayəndə heyətinə məlumat verilib ki, şirkət yarandığı dövrdən dünyanın müxtəlif ölkələrində bir sıra layihələrə milyardlarla dollar sərmayə yatırıb. Görüşdə nazir Şahin Mustafayev Azərbaycanda da xarici investisiya qoyuluşunu dəstəkləmək, sahibkarlığı daha da inkişaf etdirmək məqsədilə AZPROMO və Azərbaycan İnvestisiya Şirkətinin fəaliyyət göstərdiyini vurğulayıb. Bu qurumlar yerli və xarici sahibkarlara müxtəlif biznes xidmətlərinin göstərilməsi, iş adamlarının işgüzar əlaqələrinin genişləndirilməsi, ölkə iqtisadiyyatının qeyri-neft sahəsində müddətli investisiya qoyuluşlarının həyata keçirilməsi, yerli və xarici investisiyaların qeyri-neft sektoruna cəlb edilməsi sahəsində uğurla fəaliyyət göstərirlər.

Qətərin "ASHGHAL" şirkətinin prezidenti Nasser Ali Al Mavlavi ilə keçirilmiş görüşdə isə qurumun fəaliyyəti və müxtəlif sahələrdə həyata keçirdiyi layihələr barədə Azərbaycan nümayəndə heyətinə məlumat verilib.

Səfər çərçivəsində təhsil nazirinin müavini Qulu Novruzov Qətərin ali təhsil və təhsil naziri Saad bin İbrahim Al Mahmud və Qətər Fondunun vitse-prezidenti Ahmad Hasnah ilə görüşüb. Görüşlərdə iki ölkə arasında təhsil və elm sahəsində əməkdaşlıq və bu sahədə təcrübə mübadiləsinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti