...

İsraildən olan jurnalistlər azərbaycanlı deputatlarla görüşüblər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2013 13:51 (UTC +04:00)
Azərbaycanın İsraildə səfirliyinin açılmasının vaxtı çatıb.
İsraildən olan jurnalistlər azərbaycanlı deputatlarla görüşüblər (FOTO)

Azərbaycan, Bakı, 15 aprel / Trend, müxbir A. Axundov/

Azərbaycanın İsraildə səfirliyinin açılmasının vaxtı çatıb. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Milli Məclisin deputatı Rasim Musabəyov Bakıda İsrailin KİV nümayəndələri ilə görüşdə deyib.

"Səfirliyin açılmasına mane olan əngəllərin aradan qaldırılmasının çoxdan vaxtı çatıb. Müsəlman ölkələrinin bu məsələyə müəyyən yanaşması var. Bizim beynəlxalq təşkilatlarda Azərbaycanın ərazi bütövlüyünün tanınması məsələsində həmin ölkələrin dəstəyinə ehtiyacımız var. Lakin bu məsələ gündəlikdədir və inanıram ki, öz həllini tapacaq. Birinci mərhələdə ticarət nümayəndəliyi və ya konsulluğun, sonra isə səfirliyin açılması daha düzgün olardı. İsraildə Azərbaycandan gəlmə təqribən 100 min nəfər yaşayır. Səfirliyin açılması onların ölkəmizə gəlişini asanlaşdıracaq", - Musabəyov deyib.

Onun sözlərinə görə, buna baxmayaraq, səfirliyin olmaması ikitərəfli münasibətlərin inkişafına mane olmur. Millət vəkilinin sözlərinə görə, ikitərəfli münasibətlərin inkişafı üçün bir çox imkanlar var.

"Azərbaycan İsraili özünün strateji tərəfdaşı hesab edir, iki ölkə bir çox sahələrdə, xüsusilə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq edir. Azərbaycan İsrailin neftə tələbatının 40 faizini ödəyir. Bundan başqa, İsrail böyük qaz ehtiyatları aşkar edib, Azərbaycan isə neft-qaz yataqlarının işlənməsində böyük təcrübəyə malikdir və bu sahədə də əməkdaşlıq mümkündür. Bundan əlavə, qarşılıqlı fəaliyyətin perspektivli sahəsi turizmdir" , - Musabəyov qeyd edib.

Millət vəkili Fuad Muradovun sözlərinə görə, Azərbaycan-İsrail münasibətləri yüksək səviyyədədir və şübhəsiz ki, əlaqələr bundan sonra da inkişaf edəcək.

"Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır, lakin bu, İsraillə əlaqələrin inkişafına mane olmur. Azərbaycan dünyəvi dövlətdir, ölkədə din dövlətdən ayrıdır. İsrail jurnalistlərinin səfəri çox vacibdir və iki ölkənin münasibətlərinin inkişafına öz töhfəsini verəcək" , - Muradov qeyd edib.

Görüşdə iştirak edən millət vəkili Cavanşir Feyziyev israilli jurnalistlərin Azərbaycana səfərinin vacibliyini vurğulayıb.

"Jurnalistlərin gördüyü iş mühüm əhəmiyyət kəsb edir. Onlar bir ölkənin reallıqlarını digər bir ölkənin insanlarına çatdırırlar", - o deyib.

Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin (AZIZ) sədri Lev Spivakın sözlərinə görə, Bakıya gələn ivritdilli jurnalistlər şəhərdən, xüsusilə Milli Məclisin binasından xeyli təəssürat alıblar.

"Bu, İsrail jurnalistlərinin Azərbaycana ilk rəsmi səfəridir. Ümid edirəm ki, gələcəkdə belə səfərlər davam edəcək. Jurnalistlər, həmçinin Azərbaycanın bölgələrinə baş çəkəcəklər" , - Spivak deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti