...

"Akkord" korporasiyası və Avstriyanın "Unger" şirkəti arasında memorandum imzalanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2013 14:04 (UTC +04:00)
2013-cü il mayın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycanın və Avstriyanın 200-dən artıq şirkətinin rəhbər və nümayəndələri iştirak ediblər.
"Akkord" korporasiyası və Avstriyanın "Unger" şirkəti arasında memorandum imzalanıb (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend/

2013-cü il mayın 13-də Avstriyanın paytaxtı Vyana şəhərində Avstriya-Azərbaycan biznes forumu keçirilib. Biznes forumda Azərbaycanın və Avstriyanın 200-dən artıq şirkətinin rəhbər və nümayəndələri iştirak ediblər. Avtsriyada rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev və Avstriyanın Federal Prezidenti Haynts Fişer forumu ziyarət etmiş və forum iştirakçılarına nitqlə müraciət ediblər. Prezidentlər Avstriya və Azərbaycan işgüzar dairələri arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyini və perspektivlərini vurğulayıblar. Trend-in məlumatına görə, bu barədə cümə axşamı korporasiyanın yaydığı məlumatda deyilir.

Forum çərçivəsində "Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası" ASC ("Akkord" Korporasiyası) və Avstriyanın "Unger Stahlbau" GmBH ("Unger" şirkəti) arasında Azərbaycanda metal konstruksiyaların istehsalı üzrə müasir zavodun qurulması və metal konstruksiyaların istifadəsi ilə müxtəlif tikinti layihələrində birgə iştirak barədə anlaşma memorandumu imzalanmışdır. Memorandum "Akkord" Korporasiyası adından Direktorlar Şurasının sədri Xaqani Quluzadə, "Unger" şirkəti adından isə icraçı direktor Cozef Unger tərəfindən imzalanıb.

1952-ci ildən fəaliyyətə başlayan "Unger" şirkəti dünyanın metal konstruksiyaların istehsalı və istifadəsi ilə tikinti layihələrini icra edən aparıcı şirkətlərindən biridir. Hazırda dünyanın 20 ölkəsində filial və nümayəndəlikləri fəaliyyət göstərir.

"Akkord" Korporasiyası Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, İslam İnkişaf Bankı kimi dünyanın nəhəng maliyyə institutları tərəfindən maliyyələşdirilən layihələrin həyata keçirilməsində böyük təcrübə qazanmışdır. Son illərdə "Akkord" Korporasiyası "Bouygues" (Fransa), "Freyssinet" (Fransa), "Salini" (İtaliya), "Condotte" (İtaliya), "Herrenknecht" (Almaniya), "SINOMA" (Çin), Ungersteel (Almaniya) kimi dünyanın nəhəng tikinti və istehsal şirkətləri ilə əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib.

Korporasiya Gürcüstan, Ukrayna, Qazaxıstan, Özbəkistan və Türkiyədə də müxtəlif infrastruktur layihələri həyata keçirir. Həmçinin Almaniya Federativ Respublikasının Frankfurt şəhərində korporasiyanın nümayəndəliyi fəaliyyət göstərir.

Hazırda 5000-dən artıq işçisi olan "Akkord" korporasiyası fəaliyyətində "hər şey insan üçün" fəlsəfəsini əsas götürür. Korporasiyada nəinki Azərbaycandan, həmçinin İtaliya, Almaniya, Böyük Britaniya, Fransa, BƏƏ, Çin, Türkiyə və Gürcüstandan dəvət olunmuş təcrübəli mütəxəssis heyəti çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti