Azərbaycan, Bakı, 21 may /Trend/
Bu ilin 15-16 may tarixlərində ekspertiza və sertifikatlaşdırma sahəsində dünya liderlərindən biri olan SGS şirkətinin mütəxəssisləri tərəfindən Beynəlxalq Sığorta Şirkətinin ISO 9001: 2008 beynəlxalq standartına uyğunluğunun təsdiqlənməsi üçün nəzarət auditi keçirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı şirkətin yaydığı məlumatda deyilir.
Nəzarət auditləri 2006-cı ildən etibarən hər il keçirilir. ISO 9001: 2008 beynəlxalq standartına uyğunluq sertifikatı sonuncu dəfə Beynəlxalq Sığorta Şirkətinə keçən il verilmişdir. Həmin sertifikat sayca 3-cü olub. Əvvəlki sertifikatlar 2006-cı və 2009-cu illərdə verilib.
Hazırda keyfiyyət və işgüzar etika sahəsində dünya etalonu kimi tanınan SGS şirkətinin əsası 1878-ci ildə qoyulmuşdur. Baş ofisi Cenevrədə yerləşən şirkətin 1350 regional ofis və laboratoriyadan ibarət şəbəkəsində 70 000-dən artıq mütəxəssis çalışır.
Beynəlxalq Sığorta Şirkəti Azərbaycanın sığorta bazarının böyük sığorta şirkətlərindən biridir. Şirkət Azərbaycan Beynəlxalq Bankı tərəfindən 2002-ci ildə təsis edilmişdir və hazırda müştərilərinə 34 növ sığorta xidməti göstərir.