...

Azərbaycanda meliorasiya məqsədilə istifadə edilən suyun itkiləri azaldılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 İyun 2013 16:00 (UTC +04:00)
"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri hesab edir ki, Azərbaycanda meliorasiya məqsədilə istifadə edilən suyun itkiləri azaldılacaq.
Azərbaycanda meliorasiya məqsədilə istifadə edilən suyun itkiləri azaldılacaq

Azərbaycan, Bakı, 6 iyun /Trend, müxbir E.Əliyev/

"Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə hesab edir ki, Azərbaycanda meliorasiya məqsədilə istifadə edilən suyun itkiləri azaldılacaq.

Trend-in məlumatına görə, Əhmədzadə "Azərbaycan" qəzetində dərc olunan məqaləsində bildirib: "Azərbaycanda ümumi tutumu 545 milyon kubmetr olan 8 yeni su anbarının tikilməsi, ümumi tutumu 472 milyon kubmetr olan 5 su anbarının layihəsinin hazırlanması, 418 kilometr uzunluğunda suvarma kanallarının tikilməsi, 115 min hektar yeni suvarılan torpaqların istifadəyə verilməsi, 309 min hektar sahənin meliorativ vəziyyətinin yaxşılaşdırılması, 246 min hektar sahədə suvarma və kollektor-drenaj şəbəkələrinin yenidən qurulması, 89 min metr qoruyucu bəndlərin tikilməsi planlaşdırılır".

Onun fikrincə, bu tədbilərin həyata keçirilməsi ölkədə becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının xeyli artmasına, çaylarda axının nizamlanmasının təmin edilməsinə və istifadə edilmədən Xəzər dənizinə axıdılan suların həcminin xeyli azaldılmasına imkan verəcək.

Məqalədə bildirilir:" 2013-cü ilin yanvar-aprel aylarında suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində 11,4 milyon kubmetr həcmində lildən təmizləmə işləri görülüb, 1170 hidrotexniki qurğu, 196 hidropost, 65 subartezian nasosu, 18 stasionar nasos, 14 elektrik və dizel mühərriki, 7 transformator, 2 üzən nasos stansiya təmir edilərək işlək vəziyyətə gətirilib".

Əhmədzadə hesab edir ki, qrunt sularının təbii axınının zəifliyi və torpaqlar şorlaşmaya meyilli olduğundan burada əkinçiliyin yalnız süni suvarmalarla aparılmasını və bu məqsədlə müvafiq meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsini tələb edir: "Ölkənin suvarılan torpaq sahələri kənd təsərrüfatına yararlı sahələrin 1/3-ni təşkil etsə də, kənd təsərrüfatı məhsullarının 90-95 faizi bu ərazilərdə istehsal olunur. Pambıq, tütün, tərəvəz və s. gəlirli bitkilərin isə hamısı suvarılan torpaqlarda becərilir".

ASC rəhbəri qeyd edib ki, suvarılan torpaqlar yüksək səviyyədə inşa edilən meliorasiya və irriqasiya fondları ilə təchiz olunub: "Bu torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılıb, 288 min hektar sahə açıq, 309 min hektar sahə örtülü, 13 min hektar sahə şaquli drenaj şəbəkələri ilə təmin edilib. Suvarılan sahələrdə 52,6 min km suvarma kanalları, 31,9 min kilometr kollektor-drenaj şəbəkələri çəkilib, onların üzərində 125 min hidrotexniki qurğu, 1046 nasos stansiyası tikilib. Bunlardan əlavə, çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su ehtiyatlarından səmərəli istifadə etmək məqsədilə çaylar üzərində 180 su anbarı, 20 hidroqovşaq inşa edilib, yeraltı sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 8566 subartezian quyusu qazılıb. Əkin sahələrini və yaşayış məntəqələrini çayların daşqın və sel sularından qorumaq üçün 206 kilometr daş-beton və beton, 1676 kilometr torpaq bəndlər tikilib, su axınını bölüşdürən və tənzimləyən geniş və çoxsahəli meliorasiya və su təsərrüfatı kompleksi, geniş və tutarlı meliorasiya potensialı yaradılıb".

Məqalədə deyilir ki, sahəyə diqqətinin nəticəsidir ki, 2004-2011-ci illərdə meliorasiya tədbirlərinə ayrılan vəsaitin həcmi 6,3 dəfə, bütün maliyyə mənbələri hesabına sahəyə əsaslı kapital qoyuluşu isə 37 dəfəyə yaxın artıb: "Nəticədə mövcud meliorasiya obyektlərinin istismarı yaxşılaşıb, sistem üzrə işçilərin əməkhaqqı 7,4 dəfə artıb, sahənin maddi-texniki bazası gücləndirilib, 1200-dən artıq maşın-mexanizm alınıb".

ASC sədri vurğulayıb ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı Abşeron magistral kanalının 5 kilometrlik başlanğıc və Xəzər rayonunun Zirə və Türkan qəsəbələri ərazisindən keçən 15 kilometrlik hissələrində yenidənqurma işləri aparılıb: "Bundan əlavə, Zirə, Bilgəh, Hövsan və Goradildə həyətyanı sahələrə su verilməsi üçün nasos stansiyalarının, suqəbuledici hovuzların və təzyiqli boru kəmərlərinin tikintisi və təmir-bərpası üzrə işlər də yerinə yetirilib".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti