Azərbaycan, Bakı, 9 iyul /Trend, müxbir E.Əliyev/
Dövlət Sosial Müdafiə Fondu (DSMF) büdcədənkənar sektor üzrə icbari sosial sığorta ilə bağlı ödənişlər proqnozunu artıqlaması ilə yerinə yetirib.
Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı DSMF-nin sədri Səlim Müslümov jurnalistlərə deyib: "Söhbət təqribən 80 milyon manatdan gedir. İyulun əvvəlinə Fondun hesabındakı azad qalıq 70 milyon manatı ötür".
Onun sözlərinə görə, icbari sosial sığorta üzrə ödənişlər üçün fərdi hesabları olan sığortalanmış vətəndaşların sayının artırılması hesabına bu nəticəni əldə etmək mümkün olub.
Fond sədri deyib ki, 2012-ci ilin oktyabr ayından 2013-cü ilin iyun ayınadək bu kateqoriyadan olan əhalinin sayı 23,3 faiz artaraq (600 min nəfər) 2,58 milyon nəfərə çatıb. Bu, böyük rəqəmdir, lakin hesab edirik ki, sığorta olunanların sayını 4 milyon nəfərədək çatdırmaq lazımdır. Bu proses gedir və bu gün tətbiq etdiyimiz hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktubla çatdırılması sistemi ona əlavə təkan verəcək".
Qeyd edək ki, DSMF bu gün hər bir şəxs üzrə fərdi məlumatların öz sahibinə xüsusi məktubla çatdırılması sisteminin tətbiqinə başlayıb.
Müslümovun sözlərinə görə, ilkin mərhələdə bildirişlər Bakının Səbail rayonunun sakinlərinə göndəriləcək: "Ən qısa müddət ərzində sistem bütün paytaxtı, 1 ay ərzində isə Abşeron yarımadası və Sumqayıtı əhatə edəcək".