Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir E.Əliyev/
2013-cü ilin birinci yarısında Əmlak Məsələləri Dövlət Komitəsinə dövlət əmlakının idarə edilməsi ilə bağlı 430-dan çox müraciət daxil olub və qanunvericiliyə uyğun cavablandırılıb. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
Məlumatda bildirilir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu istiqamətdə davamlı olaraq müxtəlif tədbirlər həyata keçirilir. Bakı və regionlarda yerləşən dövlət əmlakının vəziyyəti ilə bağlı monitorinqlər aparılır. Səhmdar cəmiyyətlərin rəhbərləri ilə görüşlər təşkil edilir, görüşlərdə bu sahəni əhatə edən məsələlər müzakirə edilir, təkliflər dinlənilir, qərarlar qəbul edilir.
Belə tədbirlərin davamı kimi, Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə İsmayıllı şəhərində nizamnamə kapitalında dövlət payı olan səhmdar cəmiyyətlərin və dövlət müəssisələrinin rəhbərləri ilə görüş keçirilib. Görüşün təşkil olunmasında məqsəd regionlarda yerləşən dövlət əmlakının qorunması və səmərəli istifadəsi, müasir əsaslarla korporativ idarəetmə sisteminin qurulması və təkmilləşdirilməsi, səhmdar cəmiyyətlərin nizamnamə kapitalında dövlətin payının özəlləşdirilməsi ilə bağlı məsələləri nəzərdən keçirməkdir. Eyni zamanda, səhmdar cəmiyyətlərdə ümumi yığıncaqların çağırılması, dividendlərin ödənilməsi, dövlət büdcəsinə və büdcədənkənar fondlara olan borcların cari vəziyyəti, zəbt olma hallarının qarşısının alınması və digər əlaqəli məsələlər də görüşün müzakirə mövzusu olub.
Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətli nümayəndələri, Şamaxı, İsmayıllı, Ağsu, Qəbələ, Şəki, Balakən, Qax, Zaqatala, Oğuz rayonlarından olan 40-a yaxın səhmdar cəmiyyət və dövlət müəssisəsinin rəhbər heyəti iştirak edib. Tədbirdə komitənin sədr müavini Rüstəm Şahbazov dövlət əmlakının effektiv idarə edilməsi və səmərəli istifadəsinin zəruriliyindən, bu sahədə qanunvericilik bazasından, həyata keçirilmiş tədbirlərdə əldə olunan nəticələrdən, bu sahədə korporativ idarəetmə sisteminin əhəmiyyətindən, beynəlxalq təcrübənin və müasir texnologiyaların tətbiqi vəziyyətindən söz açıb. Eyni zamanda, özəlləşdirilən dövlət müəssisələrinin sağlamlaşdırılması və restrukturizasiyası, müəssisələrin fəaliyyətinin bərpası və yeni iş yerlərinin yaradılması istiqamətində aparılan iqtisadi siyasətin nəticəsi olaraq sahibkarlığın inkişafı da vurğulanıb.
Görüşdə dövlət əmlakının mövcud vəziyyəti, istismara yararsız vəsaitlərin balansdan silinməsi, səhmdarların ümumi yığıncaqlarının keçirilməsi, dövlət büdcəsinə və büdcədənkənar fondlara olan borcların silinməsi, zəbt olunma hallarının qarşısının alınması və digər məsələlərlə bağlı çıxışlar olub, səhmdar cəmiyyətlərin rəhbərlərinin bu barədə fikir və təklifləri dinlənilib. Tədbirdə qeyd olunan məsələlərlə bağlı müzakirələr aparılıb, müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Məlumat üçün qeyd edək ki, cari il üçün nizamnamə kapitalında dövlətin payı olan 280-ə yaxın səhmdar cəmiyyət mövcuddur. 2013-cü il ərzində Bakı şəhəri və respublikanın digər şəhər və rayonlarında yerləşən nizamnamə kapitalında dövlətin payı olan səhmdar cəmiyyətlərdə dövlət əmlakının qorunması və səmərəli istifadəsi vəziyyətinin araşdırılması, istehsal fəaliyyətlərinin öyrənilməsi məqsədilə 1270-ə yaxın monitorinq keçirilib və nəticələri təhlil edilib. Bir sıra səhmdar cəmiyyətlərdə səhmdarların birinci ümumi yığıncaqlarının keçirilməsi, daxili korporativ sənədlərin hazırlanması işində metodiki kömək göstərilib. Səhmdar cəmiyyətlərin ərazilərində zəbt olunma hallarının qarşısının alınması və mövcud vəziyyətin nəzarətdə saxlanılması istiqamətində bir sıra işlər görülüb.
2013-cü ilin birinci yarısında komitəyə dövlət əmlakının idarə edilməsi ilə bağlı 430-dan çox müraciət daxil olub və qanunvericiliyə uyğun cavablandırılıb.
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının dövlət əmlakının effektiv idarə edilməsi və səmərəli istifadəsi sahəsində fəaliyyətin təkmilləşdirilməsi, beynəlxalq təcrübənin və müasir standartların tətbiqinə böyük önəm verir və bu istiqamətdə nailiyyətlərin əldə olunması üçün görülən tədbirləri davam etdirməkdədir.