Azərbaycan, Bakı, 22 iyul /Trend/
İqtisadi İnkişaf Nazirliyinin, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) və Milli Məhsuldarlıq və Rəqbətədavamlılıq Mərkəzinin təşkilatçılığı ilə "Azərbaycanda fındıq emalı və ixracının perspektivləri" mövzusunda növbəti "dəyirmi masa" iyulun 20-də Qaxda keçirilib.
Nazirliyin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, Azərbaycanda fındıq istehsalı, emalı və ixrac perspektivlərinin müzakirə olunduğu tədbirdə Qax, Qəbələ, Oğuz və Şəkidə fəaliyyət göstərən fındıq emalı müəssisələrinin, rayon icra hakimiyyətinin, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.
"Dəyirmi masa"da çıxış edənlər - İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, GIZ-in nümayəndəsi Gülnarə Məmmədova və Qax Rayon İcra Hakimiyyətinin əməkdaşı Azərbaycanda fındıq istehsalı və ixracı imkanları, bu sahədə sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıblar.
Tədbirdə, həmçinin İqtisadi İnkişaf Nazirliyi, GIZ və Milli Məhsuldarlıq və Rəqbətədavamlılıq Mərkəzinin birgə həyata keçirdiyi "Cənubi Qafqazda özəl sektorun inkişafı" layihəsi barədə də məlumat verilib. Qeyd edilib ki, bu layihəyə əsasən, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələri arasında anket sorğusu keçirilib və "Azərbaycan Respublikasının fındıq ixracatçıları" kataloqu üçün müvafiq məlumatlar toplanıb. Yaxın zamanlarda bu kataloq çap olunaraq xarici ölkələrdə yayımlanacaq. Həyata keçirilən tədbirlər Azərbaycanda ixrac potensiallı digər məhsulların da təşviqinə töhfə verəcək.
Qeyd edək ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən "Ata-baba" fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur.