Azərbaycan, Bakı, 30 iyul /Trend/
Azərbaycan Maliyyə Nazirliyində 2013-cü büdcə ilinin ilk altı ayının yekunlarına, 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişinə, o cümlədən qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, kollegiya iclasını giriş sözü ilə açan maliyyə naziri Samir Şərifov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsi, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsi nəticəsində cari ilin 6 ayında Azərbaycan iqtisadiyyatı bir daha makroiqtisadi dayanıqlıq və yüksək artım potensialını nümayiş etdirib, iqtisadiyyatımızın qeyri-neft sektoru ötən dövr ərzində 10,9 faiz səviyyəsində artıb, bu artım bütövlükdə ölkə iqtisadiyyatı üzrə 5 faizlik artımı təmin edib.
Qeyd olunub ki, 2013-cü ilin ilk 6 ayında bütün dövlət proqramlarının və layihələrin uğurla icrasına, investisiya proqramında elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrin, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşaası, meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşdirilməsinə nail olunub. Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilin eyni dövrünə nisbətən artımla icra edilib, əmanətlər üzrə fərdi birdəfəlik ödəmələrin həyata keçirilməsi, yararsız və qəzalı vəziyyətdə olan, müasir tələblərə cavab verməyən təhsil, səhiyyə, mədəniyyət ocaqlarının, məcburi köçkünlərin müvəqqəti məskünlaşdığı sosial təyinatlı müəssisələrin bərpası, yenidən qurulması və onlar üçün yeni yaşayış evlərinin inşaasına dövlət və icmal büdcələrdən vəsait ayrılıb.
Bu il müstəqil Azərbaycan dövləti üçün ulu öndər Heydər Əliyev siyasətinin 20 illik dövrü ilə yanaşı, həm də ölkə başçısı İlham Əliyevin prezidentlik fəaliyyətinin 10 ilinin tamam olduğunu xatırladan nazir bildirib ki, ulu öndər tərəfindən müəyyənləşdirilmiş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı şaxələndirilib, qeyri-neft sektorunun sürətli inkişafı təmin edilib, regionların davamlı inkişafına, yeni istehsal müəssisələrinin açılmasına, işsizlik probleminin aradan qaldırılmasına, o cümlədən əhalinin sosial rifahının yaxşılaşdırılmasına nail olunub.
Qeyd olunub ki, son 10 ildə, yəni 2003-2012-ci illərdə ölkə üzrə ümumi daxili məhsulun nominal həcmi 7,6 dəfə artıb, ayrı-ayrı illərdə real artım 34,5 faizədək yüksəlib. Bazar iqtisadiyyatı prinsiplərinə əməl edilməsi, iqtisadiyyatın liberallaşdırılması və qeyri-neft sektorunun inkişafının stimullaşdırılması nəticəsində ümumi daxili məhsulun strukturunda özəl sektorun xüsusi çəkisi 73,3 faizdən 83,5 faizə qalxıb. Ölkə iqtisadiyyatına bütün mənbələr hesabına 100 mlrd. ABŞ dolları məbləğində investisiya qoyulub. Son 10 ildə ölkənin icmal büdcəsinin xərcləri 13 dəfə, adambaşına düşən xərci isə 11,6 dəfə artıb. Dövlət büdcəsinin xərcləri 14,1 dəfə artaraq 1,2 mlrd. manatdan 17,4 milyard manata çatıb, xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etməklə 15 faiz artıb. 10 ildə ölkə əhalisinin gəlirləri nominal ifadədə 29 mlrd. manat və yaxud 6,1 dəfə artaraq 2012-ci ildə 34,7 mlrd. manat olub.
S.Şərifov qeyd edib ki, bütün bu uğurlar, büdcə və vergi siyasətinin təkmilləşdirilməsi hesabına dövlətin maliyyə resurslarının dövlət və icmal büdcə vəsaiti ilə idarə olunması istiqamətində aparılmış məqsədyönlü siyasətin növbəti illərdə də davam etdirilməsinə əminlik yaradıb.
"Büdcə sistemi haqqında" qanuna uyğun olaraq 2014-cü il və sonrakı üç il üçün dövlət və icmal büdcə layihələrinin tərtibi prosesinə başlanıldığını bildirən S.Şərifov vurğulayıb ki, növbəti və sonrakı illərin dövlət büdcəsində iqtisadiyyatın prioritet sahələrinin modernləşməsinə və şaxələnməsinə, investisiya mühitinin daha da yaxşılaşdırılmasına, vergi və rüsumlar hesabına büdcəyə daxilolmaların artırılmasına, habelə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında qarşıya qoyulan hədəflərə nail olunmasına diqqət yetiriləcək. Növbəti ildə xərclərin əsas prioritetlərindən olan sosial siyasətin davam etdirilməsi, əhalinin rifahının və yaşayış səviyyəsinin, məcburi köçkünlərin şəraitinin yaxşılaşdırılması, dövlətin müdafiə qabiliyyətinin artırılması, ölkənin enerji potensialının gücləndirilməsi, içməli su və qaz təchizatı, kanalizasiya və meliorasiya sistemlərinin müasir tələblər səviyyəsində qurulması, kənd yollarının tikintisi, aqrar sektorun inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi, sosial və investisiya proqramları üçün maliyyə təminatının yaradılması nəzərdə tutulur.
S.Şərifov Nazirliyin aparatının aidiyyəti struktur bölmələrinə, dövlət xidmət və agentliklərinə 2014-cü il dövlət büdcəsinin və icmal büdcəsinin layihəsinin və sonrakı üç il üçün icmal büdcənin göstəricilərinin tərtibi zamanı dövlət büdcəsinin real maliyyə imkanlarını nəzərə almaqla, xərclərin proqnozlaşdırılmasına mühafizəkar yanaşılması, büdcənin tərtibi prosesini vaxtında başa çatdırmaqla müvafiq büdcə layihələrini hazırlayıb aidiyyəti üzrə təqdim etmələri barədə tapşırıqlar verib. Eyni, zamanda yerli maliyyə orqanlarına qanunvericiliyə uyğun olaraq 2013-cü il dövlət büdcəsinin icrası prosesinin stabil həyata keçirilməsi, vəsaitlərin daha da səmərəli istifadə olunması və ilkin nəzarətin artırılması, habelə 2014-cü il və sonrakı üç il üçün rayon və şəhərlərin yerli gəlir və xərcləri ilə bağlı büdcə layihələrinin bir daha təhlil edilib məlumatların təqdim olunmasına dair konkret tapşırıqlar verilib.
Kollegiyada "Azərbaycan Respublikasının 2013-cü ilin ilk 6 ayında dövlət büdcəsinin icrası haqqında" və "Azərbaycan Respublikasının 2014-cü il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin hazırlanması işlərinin gedişi haqqında" məruzələr dinlənilib, müzakirələrdən sonra qeyd olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.
İclasda, həmçinin Maliyyə Nazirliyi sistemində uzunmüddətli səmərəli fəaliyyətləri və peşəkarlıqlarına görə Azərbaycan Maliyyə Nazirliyinin müvafiq əmrləri ilə "Azərbaycan Respublikası maliyyə nazirinin Təşəkkürnaməsi"nə layiq görülmüş Maliyyə Nazirliyinin 5 nəfər əməkdaşı da təltif olunub.