...

Qusar rayonunun Hil kəndinə yeni mənbədən içməli su verilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Oktyabr 2013 18:25 (UTC +04:00)
Bu gün Qusar rayonunun Hil kəndinə yeni mənbədən içməli suyun verilməsi mərasimi keçirilib.
Qusar rayonunun Hil kəndinə yeni mənbədən içməli su verilib (FOTO)

Azərbaycan, Bakı, 2 oktyabr /Trend/

Bu gün Qusar rayonunun Hil kəndinə yeni mənbədən içməli suyun verilməsi mərasimi keçirilib.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə çıxış edən Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov Hil kəndində uzun illərdir içməli su probleminin olduğunu qeyd edib, ASC tərəfindən həyata keçirilmiş layihənin böyük nailiyyət olduğunu diqqətə çatdırıb. Ş.Alxasov hazırda Qusar şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni layihənin icra olunduğunu da bildirib.

ASC-nin "Birləşmiş Sukanal" MMC-nin direktoru Etibar Məmmədov içməli su çatışmazlığı müşahidə olunan yaşayış məntəqələrində yeni infrastrukturların yaradıldığını bildirib və icrası başa çatmış layihələrin əhalinin sosial rifahının yaxşılaşmasına töhfələr verdiyini diqqətə çatdırıb:

"Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq içməli su problemi müşahidə olunan kəndlərdə təxirəsalınmaz tədbirlər görülür. Ucqar dağ kəndlərində belə layihələrin həyata keçirilməsi xüsusi olaraq diqqətdə saxlanılır. Qusar rayonunun Hil kəndində vaxtilə yaradılmış su təchizatı sistemləri istismara yararlı olmadığından burada yeni infrastrukturun yaradılması qərara alınıb. Qısa müddətdə tikinti-quraşdırma işlərini başa çatdırdıq və kəndə yeni mənbədən içməli suyun verilməsini təmin etdik. İndi kəndin bir his səsi mövcud şəbəkə ilə su alır. Gələcəkdə kənddaxili şəbəkə yaradılacaq və hər bir evə birləşmə veriləcək. Bu gün Azərbaycan hökumətinin Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdiridiyi layihə çərçivəsində "Azərsu" ASC-nin sifarişi əsasında Qusar şəhəri və ətraf 7 kəndin su təchizatı sistemləri yenidən qurulur və bu işlər gələn il başa çatdırılacaq".

Uzun illərdir əsasən arx sularından istifadə etdiklərini vurgulayan kənd sakinləri içməli su probleminin həlli kimi xeyirxah təşəbbüsün reallaşmasına göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını bildiriblər.

"Qusar rayonunun Hil kəndinin içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsi" 5406 sakinin içməli su təchizatının yaxşılaşdırılmasına hesablanıb. Kəndi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək məqsədi ilə yeni su mənbəyi seçilib və Hil çayının hövzəsində 85 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilib. Bununla yanaşı, əvvəlki su mənbələri - Ağac emalı zavodunun ərazisindəki kaptaj tipli qurğu və Yunisbənd bulaq drenaj tipli qurğusu da bərpa edilib. Su mənbələrindən müxtəlif diametrli polietilen borularla 11 250 metr uzunluğunda magistral su xətləri çəkilib və uzunluğu 5 km olan kənddaxili mövcud şəbəkəyə birləşdirilib.

Qeyd edək ki, Hil kəndinin su təchizatı sistemi ötən əsrin 50-80-ci illərində yaradılmışdı. Kəndin əvvəlki su mənbələri Ağac emalı zavodunun ərazisindəki kaptaj tipli qurğu və Yunisbənd bulaq tipli drenaj qurğusu yararsız vəziyyətə düşdüyündən uzun illərdir istismar edilmirdi. Kəndi içməli su ilə təmin edən 30 km uzunluğunda magistral su xətləri və su anbarları istismara yararsız vəziyyətə düşmüşdü. Buna görə də kənd sakinləri arx sularından istifadə edir və ya içməli suyu Qusar şəhərindən maşınlarla gətirirdilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti