...

İqtisadiyyat və Sənaye Nazirliyi: Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində prioritetləri müəyyənləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Oktyabr 2013 13:30 (UTC +04:00)
Son 10 il ərzində Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlərə imza atılıb.
İqtisadiyyat və Sənaye Nazirliyi: Azərbaycan ərzaq təhlükəsizliyi sahəsində prioritetləri müəyyənləşdirib

Azərbaycan, Bakı, 25 oktyabr /Trend, müxbir E. Əliyev/

Son 10 il ərzində Azərbaycanda əhalinin etibarlı ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində ciddi nailiyyətlərə imza atılıb. Bu barədə Trend-ə İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Bu nailiyyətlərin əldə edilməsinə Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" xüsusi rol oynayıb.

Ötən dövr ərzində aqrar sektor iqtisadiyyatın prioritet sahəsi kimi diqqət mərkəzində saxlanılıb. Kənd təsərrüfatında vergi güzəştlərinin tətbiqi davam etdirilmiş, fermerlərə genişmiqyaslı dövlət dəstəyi tədbirlərinə başlanılmışdır. Belə ki, fermerlərin fəaliyyətinin stimullaşdıırlması, məhsulun maya dəyərinə çəkilən xərclərin azaldılması məqsədilə yanacaq və mühərrik yağına, buğda və çəltik səpininə, toxum istehsalına və gübrə satışına subsidiyaların verilməsi təmin olumuşdur. Kənd təsərrüfatı texnika və avadanlığının və damazlıq mal-qaranın güzəştli lizinq şərtlərlə fermerlərə satılmasına başlanılmış və bu tədbirlər daha da genişləndirilib.

Aqrar sahədə infrastrukturun yaxşılaşdırılması məqsədilə meliorativ tədbirlərə ayrılan vəsaitin həcmi bu dövrdə 7,3 dəfə, bütün maliyyə mənbələri hesabına əsaslı kapital qoyuluşu 48 dəfəyə yaxın artıb.

Genişmiqyaslı dövlət dəstəyi tədbirləri nəticəsində son 10 ildə kənd təsərrüfatı sahəsində yaradılan əlavə dəyərdə müşahidə olunan artım 1,5 dəfə olub.

Qeyd olunanlar ölkəmizdə əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsini yüksəldib. Hazırda ölkə əhalisinin istifadə etdiyi bir çox əsas qida məhsulları Azərbaycanda istehsal olunur. Xüsusilə son illərdə yeni açılan müəssisələr hesabına süd və ət məhsullarının, meyvə-tərəvəz konserv və şirələrinin istehsal gücləri, o cümlədən bazara təqdim olunan məhsul çeşidləri əhəmiyyətli dərəcədə artıb.

Ümumilikdə, son 10 ildə ölkədə ərzaq təhlükəsizliyinin gücləndirilməsinə yönəldilmiş tədbirlər nəticəsində bitkiçilik məhsulları - 3,1 dəfə, heyvandarlıq məhsulları - 3,4 dəfə, ət istehsalı - 1,6 dəfə, sənaye üsulu ilə quş əti istehsalı - 4,6 dəfə, yumurta istehsalı 1,8 dəfə, süd istehsalı - 1,5 dəfə, taxıl istehsalı 1,4 dəfə artıb.

Növbəti mərhələdə də kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi davam etdirilməklə yanaşı, bu sahədə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Belə ki, subsidiyaların verilməsi prosesinin təkmilləşdirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqinin stimullaşdırılması, sığortalanma mexanizminin yaxşılaşdırılması, ekoloji təmiz kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalının təşviqi, müasir texnologiyalara əsaslanan iri təsərrüfatların yaradılması prioritetlər arasındadır.

Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqət yetiriləcək, müasir texnologiyaların tətbiqi yolu ilə mövcud aqroemal müəssisələrinin istehsal gücünün artırılması və bu sahədə yeni müəssisələrin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçiriləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti