...

Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2013 14:59 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye, Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş Katibi cənab Federiko Kasteluççinin rəhbərlik etdiyi Fransadan olan nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.
Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan, Bakı, 30 oktyabr /Trend /

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye, Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş Katibi cənab Federiko Kasteluççinin rəhbərlik etdiyi Fransadan olan nümayəndə heyəti ilə görüşüb. Görüşün əsas məqsədi Azərbaycan və Fransa arasında aqrar sahədə ikitərəfli əməkdaşlıq əlaqələrinin müzakirəsi olub.

Nazirlikdən Trend-ə daxil olan məlumata görə, Heydər Əsədov Azərbaycanda aqrar sahədə əldə olunmuş nailiyyətlər və bu sahəyə göstərilən dəstəkdən söz açaraq aqrar sahəyə subsidiyaların verilməsi, torpaq vergisi istisna olmaqla kənd təsərrüfatı istehsalçılarının bütün vergilərdən azad olduğunu, gübrələrin güzəştlə verildiyini və s. qeyd etmiş və ÜDM istehsalında kənd təsərrüfatının payının 5.2% təşkil etdiyini və bunun artırılması üçün böyük potensialın və əlverişli investisiya mühitinin olduğunu bildirmişdir. Nazir cənab Prezident tərəfindən təsdiq olunmuş dövlət proqramlarında bu sahənin inkişafına xüsusi önəmin verildiyini, üzümçülük və şərabçılığın inkişafı üçün böyük potensialın olduğunu qeyd edərək, 80-ci illərdə Azərbaycanda rekord həddə - 2 milyon tondan çox üzüm istehsal olunduğunu, 1985-ci ildə SSRİ rəhbəri Mixail Qorboçovun alkoqolizmə qarşı mübarizə pərdəsi altında Azərbaycanda üzümçülüyün tənəzzülünə səbəb olduğunu nəzərə çatdırıb.

Nazir Azərbaycan və Fransa arasında müəyyən olunmuş proqramların bundan sonra da davam etdiririləcəyi və intensivləşdiriləcəyinə əminliyini ifadə etmiş və Fransa tərəfindən yeni təkliflər gözlədiyini nəzərə çatdırıb.

Fransanın Burqundiya regionunun Yon vilayətinin Ali Şurasının Prezidenti cənab Andre Vilye gələn ilin mart ayında Fransada təşkil olunacaq kənd təsərrüfatı sərgisinə kənd təsərrüfatı nazirini dəvət etmiş və Azərbaycana gəlmiş nümayəndə heyəti tərkibində üzümçülük və şərabçılıq sahəsi üzrə mütəxəssislərin olduğunu qeyd etmişdir. Andre Vilye Azərbaycan və Fransa arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə və başlanmış proqramların uğurla başa çatacağına ümidvar olduğunu bildirib.

Beynəlxalq Üzüm və Şərab Təşkilatının Baş Katibi Federiko Kasteluççi Azərbaycanın bu təşkilata üzv olduğunu və ölkənin süfrə və texniki üzüm sortlarının böyük potensiala malik olduğunu bildirərək, fransalı ekspertlərin Azərbaycana göndərilməsini, hər iki ölkə arasında kadr hazırlığı üzrə proqramların həyata keçirilməsini məqsədəuyğun hesab edib.

Yekunda nazir Heydər Əsədov bu görüşlərin mütəmadi olacağını və gələcək əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə öz töhfəsini verəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti