Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Azərbaycana xaricdən damazlıq heyvan gətirilməsi davam edir.
Trend Kəpəz TV-yə istinadən məlumat verir ki, Fransadan 168 baş inək "Aqrolizinq"in Gəncə regional bazasına gətirilib. Bu hissə "Şarole" cinsinə məxsus ətlik istiqamətdə olan heyvanlardır.
Fransadan 168 baş inək 18-20 aylıq boğaz şəkildə gətirilib və fermerlərə lizinq yolu ilə satılacaq. "Şarole" cinsindən olan bu inəklərin birinin çəkisi 650 kq-dan aşağı deyil.
"Aqrolizinq" ASC-nin Gəncə regional bazasının müdiri İdris Vəliyev deyib: "Heyvanlar lizinq qaydasına əsasən, qiymətin 10 faizi əsasında ödəniş şəklində satılır".
İlkin olaraq heyvanlardan leykoz, xlamioz və brüselyoza görə qan nümunələri götürülüb və Respublika Baytarlıq Laboratoriyasına göndəriləcək. Eləcə də inəklər dabağa qarşı peyvənd olunublar.
Gəncə Şəhər Baytarlıq idarəsinin rəisi Bayandur Rzayev bildirib: "Heyvanlar gətirilməzdən öncə bütün profilaktik tədbirlər yerinə yetirilib. Müvafiq yerlər yaradılıb. Ərazi tam dezinfeksiya olunub. 3 növ dezinfeksiya növündən istifadə olunub. İlk növbədə mezaniki, termini və bio-kimyəvi dezinfeksiya üsullarından istifadə olunub. Məqsəd heyvanları tam sağlam şəkildə sahibkara çatdırmaqdır".
Neqativ halların baş verməməsi üçün 1 aylıq karantin müddətində üzə çıxacaq bütün problemlər baytar həkimlər tərəfindən aradan qaldırılacaq.
Qeyd edək ki, bu ilin əvvəlindən ölkəyə 3 mindən artıq cins mallar gətirilib. İlin sonuna kimi daha 3 min baş heyvanın gətirilməsi planlaşdırılır.