...

İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Yanvar 2014 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 yanvar /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində geniş müşavirə keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İqtisadiyyat və Sənaye Nazirliyinin struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş müşavirədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev 2013-cü ildə qazanılmış iqtisadi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Qeyd edilib ki, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Azərbaycan Prezidenti proqram xarakterli çıxışında 2013-cü ildə görülmüş işlərə yekun vurub, 2014-cü ildə hərtərəfli inkişaf kursunun davam etdirilməsi və qazanılmış uğurların daha da möhkəmləndirilməsi üçün gələcək inkişafın əsas prioritetlərini müəyyənləşdirib.

Nazirlər Kabinetinin iclasında dövlət başçısının makroiqtisadi sabitliyin qorunması, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, inflyasiyanın birrəqəmli səviyyədə saxlanılması, Dövlət İnvestisiya Proqramına uyğun olaraq infrastruktur layihələrinin davam etdirilməsi, Ələt Dəniz Ticarət Limanının birinci mərhələsinin bu il icra edilməsi, Şəmkirçay su anbarı tikintisinin 2014-cü ildə başa çatdırılması, içməli su və kanalizasiya təminatının yaxşılaşdırılması, qazlaşdırma səviyyəsinin yüksəldilməsi, yol tikintisinin, o cümlədən kənd yollarının inşasının sürətləndirilməsi, sosial obyektlərin, Bakıda keçiriləcək I Avropa Olimpiya oyunları ilə əlaqədar idman obyektlərinin tikintisi, regionların, eləcə də Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının hazırlanması, sahibkarlığa dəstək tədbirlərinin gücləndirilməsi, generasiya layihələrinə investisiyaların cəlb edilməsi, alternativ enerji sahəsinə investisiyaların artırılması, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, kənd təsərrüfatında intensiv metodların tətbiqi, suvarılan torpaqların həcminin artırılması, taxılçılıq üzrə iri fermer təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, ekoloji tədbirlərin görülməsi, göllərin ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi, havanı çirkləndirən müəssisələrin siyahısının hazırlanması və təqdim edilməsi, "ASAN xidmət" şəbəkəsinin genişləndirilməsi, korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin aparılması və s. barədə mühüm tapşırıqlar verdiyi vurğulanıb.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında müasir texnologiyalara və innovasiyalara əsaslanan sənayeləşmə siyasətinin davam etdirilməsinə xüsusi diqqət yetirib, ölkədə sənayenin daha da inkişaf etdirilməsi, o cümlədən texnoparkların yaradılması sahəsində işlərin davam etdirilməsi, metallurgiya sənayesinin inkişafı, ixracyönümlü məhsulların istehsalı, böyük sənaye komplekslərinin, emal müəssisələrinin yaradılması istiqamətində göstərişlər verib, 10 yanvar 2014-cü il tarixli Sərəncamı ilə 2014-cü ili "Sənaye ili" elan edib.

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə bağlı İqtisadiyyat və Sənaye Nazirliyində keçirilmiş geniş müşavirədə nazirliyin 2013-cü ildəki fəaliyyəti müzakirə olunub, qurum rəhbərlərinin hesabatları dinlənilib.

Ş.Mustafayev dövlət başçısının Azərbaycanın bütün sahələrdə inkişafının istiqamətlərini müəyyənləşdiyi çıxışından irəli gələn vəzifələrin vaxtında və keyfiyyətli icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlar verib. Belə ki, regionların və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair yeni dövlət proqramlarının geniş təhlillər və araşdırmalar aparılmaqla hazırlanması mühüm vəzifə olduğu qeyd edilib, bu sahədə işlərin ən qısa müddətdə başa çatdırılması üçün müvafiq tapşırıqlar verilib.

Azərbaycan Prezidentinin müvafiq sərəncamına əsasən, İqtisadiyyat və Sənaye Nazirliyinə 2014-cü ilin Azərbaycan Respublikasında "Sənaye ili" elan edilməsinə dair Tədbirlər Planının hazırlanması barədə konkret tapşırıq verildiyini vurğulayan nazir sənədin qısa müddət ərzində hazırlanaraq təqdim edilməsi üçün nazirliyin müvafiq strukturlarına göstəriş verib. Müşavirədə dövlət investisiyalarının səmərəli istifadəsinə və infrastuktur layihələrinin icrasına nəzarətin gücləndirilməsi, Bakı-Astara yolunun, eləcə də kənd yollarının tikintisinin sürətləndirilməsi, bu sahədə mütəmadi monitorinqlərin keçirilməsi, iqtisadi təhlillərin səviyyəsinin yüksəldilməsi və yeni metodların tətbiqinin vacibliyi vurğulanıb, 2014-cü ildə sahibkarlığın dəstəklənməsi tədbirlərinin daha da gücləndirilməsi, elekton xidmətlərin tətbiqinin genişləndirilməsi, maarifləndirmə tədbirlərinin, biznes forumların, işgüzar görüşlərin səmərəliliyinin artırılması, istehlak bazarına nəzarətin, istehlakçı hüquqlarının qorunması və süni qiymət artımına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi, istehlakçı fəallığının artırılmasına nail olunması barədə nazirliyin müvafiq strukturlarına tapşırıqlar verilib.

Müşavirədə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, ərzaq təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iri taxılçılıq təsərrüfatlarının yaradılmasının davam etdirilməsi, yeni torpaq sahələrinin dövriyyəyə cəlb edilməsi mühüm vəzifə kimi qarşıya qoyulduğu və bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.

Rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılması, ticarət əlaqələrinin daha da genişləndirilməsi, yeni və ənənəvi bazarlara çıxış imkanlarına xüsusi diqqət yetirilməsi əsas vəzifələrdən olduğu bir daha qeyd edilib, bu sahədə işlərin daha da gücləndirilməsi barədə müvafiq struktur bölmələrinə tapşırıqlar verilib.

Nazirliyin müşavirəsində ekoloji tədbirlərin sürətləndirilməsi, göllərin, xüsusilə Böyük Şor gölünün təmizlənməsi və gələn il layihənin birinci mərhələsinin başa çatdırılması, atmosferi çirkləndirən müəssisiələrin aidiyyəti qurumlarla birlikdə müəyyənləşdirilməsi və belə müəssisələrin siyahısının hazırlanması üçün nazirliyin görəcəyi işlər müəyyənləşdirilib.

Müşavirəyə yekun vuran nazir Ş.Mustafayev Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin keyfiyyətli və vaxtında icrasının təmin edilməsi üçün konkret tapşırıqlar verib, müvafiq Tədbirlər Planının hazırlanması qərara alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti