Azərbaycan, Bakı, 6 mart /Trend/
"British Airways" aviaşirkəti Azərbaycan sərnişinlərinə daha çox səyahət etmək və yaxınları ilə görüş imkanı yaratmaq üçün martın 10-dək alınan və iyul ayının sonunadək nəzərdə tutulan biletlərə xüsusi qiymətlər təklif edir.
Şirkətdən Trend-ə verilən məlumata görə, baharın gəlişini ifadə edən, gecə və gündüzün bərabərləşdiyi gündə qeyd edilən Novruz bayramı Azərbaycan sərnişinləri üçün yaxınlarını gözlənilməz istirahətlə sevindirməyin ən gözəl vaxtıdır. Novruz Böyük Britaniyaya, Avropaya, ABŞ-a və Kanadaya güzəştli tariflərlə səyahət etmək üçün mükəmməl vaxtdır.
British Airways-in Yaxın Şərq və Orta Asiya regionları üzrə kommersiya meneceri Paolo de Renzis bildirib: "Düzgün vaxtda başlayan xüsusi tariflər kampaniyası ilin birinci rübündə bir çox ailəyə gözlənilməz istirahət planı qurmaq imkanı yaradır. Azərbaycanlı qonaqların hər il Londona axınını nəzərə alaraq, biz bu xüsusi tarifləri təqdim edirik. Beləliklə, səyyahlar Böyük Britaniya qonaqpərvərliyindən zövq alaraq rahat səyahət imkanı qazanacaqlar".
"British Airways" Azərbaycandan Londona həftə ərzində 6 uçuş təqdim edir. Bundan əlavə, daha uzaq istiqamətlərə uçan sərnişinlər üçün London şəhərində bir və iki günlük gəzinti imkanları təklif olunur.
Güzəştli uçuş tarifləri 2014-cü il martın 10-dək davam edir və "Club World", "World Traveller Plus" və "World Traveller" siniflərinə və bu il iyulun 31-dək nəzərdə tutulan səyahətlərə şamil olunur. Güzəştli tariflərlə Böyük Britaniyaya biletlər 478 avrodan, Avropaya - 473 avrodan, ABŞ və Kanadaya isə 743 avrodan başlayır. "British Airways"in uçuşlarının tam siyahısı ilə Ba.com saytında tanış olmaq mümkündür.