Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir A.Axundov/
2014-cü ilin fevral ayında Bakıda təkrar mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 6,3 faiz artaraq bir kvadratmetr üçün 1874-dən 1992 dollaradək təşkil edib. Trend-in məlumatına görə, bu barədə "MBA Group" məsləhət şirkətinin baş direktoru Nüsrət İbrahimov bildirib.
Onun sözlərinə görə, qiymətlərdə kəskin artım Bakıda "Sovetski küçəsi" kimi tanınan ərazidə 1500-2000-ə yaxın mənzilin sökulməsi haqqında qərarla bağlı ola bilər.
Həmçinin bahalaşmaya əhalinin bu il ölkədə qiymətlərin qalxacağı ilə bağlı ehtimalları da səbəb ola bilər. Belə gözləntiləri yaradan səbəblərdən biri ötən ilin sonlarında yanacağın qiymətinin bahalaşmasıdır.
Ay ərzində portfelin əsas hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyunkturasından və ya tələbin xarakterindən irəli gəlir. Fevralda bahalı evlərin payı 44,17 faizdən 44,87 faizədək artıb, ucuz evlərin isə müvafiq olaraq 55,83-dən 55,13 faizədək azalıb.
Portfeldə 85-95 min dollar dəyərində olan mənzillər böyük paya (38,5 faiz) malik olub. Fevralda təkrar bazarda təklif olunan orta otaq göstəricisi 2,56, hər otağın orta qiyməti 65 569 dollar, mənzillərin qiyməti isə 166 688 dollar təşkil edib.