Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir İlkin İzzət/
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Salyan rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.
İqtisadiyyat və Sənaye Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirliyin Sahibkarlığa Kömək Milli Fondu 2014-cü il iyulun 10-da Salyan rayonunun Qardili kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Salyan rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:
- ixtisaslaşdırılmış "yaşıl market"in yaradılması;
- müasir ət kəsimi müəssisəsinin yaradılması;
- 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının yaradılması;
- kiçik və ya orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması;
- kiçik meyvəqurutma və plastik qapı-pəncərə istehsalı müəssisələrinin yaradılması;
- iri taxılçılıq və intensiv bağçılıq təsərrüfatlarının yaradılması.
Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, bu investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəkdir. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.
Əlavə məlumat üçün Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar.