...

Şahin Mustafayev: Azərbaycanda sahibkarlığın davamlı inkişafı məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Sentyabr 2014 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr /Trend/

Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye və Kənd Təsərrüfatı nazirliklərinin nümayəndələri kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinin rəhbərləri ilə görüşüblər.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 50-yə yaxın sahibkarın iştirak etdiyi tədbirdə rəqabətqabiliyyətli və ixracyönümlü məhsul istehsalının artırılmasına, ölkənin ixrac imkanlarının genişləndirilməsinə və bu sahədə dövlət dəstəyi tədbirlərinə dair müzakirələr aparılıb.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişafının təmin olunduğunu, əlverişli biznes və investisiya mühitinin formalaşdığını, sahibkarlıq fəaliyyətinin genişləndiyini, ixracyönümlü məhsul istehsalının və ölkənin ticarət əlaqələrinin artdığını vurğulayıb.

Qeyd edilib ki, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun inkişafı, rəqabətqabiliyyətliliyin artırılması, ixrac imkanlarının genişləndirilməsi ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Ölkəmizdə sahibkarlığın davamlı inkişafı məqsədilə kompleks dövlət dəstəyi tədbirləri həyata keçirilir. Bunun nəticəsidir ki, ÜDM-in 80%-dən çoxu özəl sektorun payına düşür. Hazırda ölkənin bütün iqtisadi rayonlarında müasir texnologiyalara əsaslanan istehsal və emal müəssisələri, logistik mərkəzlər fəaliyyət göstərir.

Ş.Mustafayev bildirib ki, daxili təlabatın ödənilməsi ilə yanaşı, ixracın genişləndirilməsi, yeni bazarlara çıxış imkanlarının artırılması istiqamətində tədbirlər görülür. Belə ki, bu il Qazaxıstanda Azərbaycanın xaricdə ilk Logistik Mərkəzinin təməli qoyulub. Bundan başqa, yerli sahibkarlar xarici ölkələrdə keçirilən müxtəlif tədbirlərdə, sərgilərdə iştirak edir, qabaqcıl ölkələrin təcrübəsi ilə tanış olur, yeni əlaqələr qururlar. Hazırda rəqabətqabiliyyətli yerli mallar, o cümlədən kənd təsərrüfatı məhsulları ənənəvi bazarlarla yanaşı, yeni xarici bazarlara da ixrac edilir. Bununla belə, müxtəlif məhsulların ixracı sahəsində ölkəmiz daha geniş potensiala malikdir. Nazir bu sahədə işin uzunmüddətli müqavilələr əsasında təşkilinin, keyfiyyətli məhsul istehsalının, beynəlxalq standartlara uyğun markalanmanın və qablaşdırmanın vacib məsələlərdən olduğunu diqqətə çatdırıb.

Görüşdə sahibkarlar özəl sektorun inkişafına göstərilən dəstək tədbirlərinə görə dövlət başçısına minnətdarlıq edib, rəqabətqabiliyyətli məhsul istehsalının artırılması, istehsalçılar, emalçılar və alıcılar arasında əlaqələrin, eləcə də ixrac imkanlarının genişləndirilməsi və s. məsələlərə dair fikirlərini bölüşüb, müxtəlif təkliflər səsləndiriblər.

Təkliflərin öyrənilməsi və tədbirlərin görülməsi üçün müvafiq tapşırıqlar verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti