...

Azərbaycan Çexiyaya kənd təsərrüfatında əməkdaşlığa dair bir sıra təkliflər verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2014 17:14 (UTC +04:00)
Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov, Çexiya Deputatlar Palatasının vitse-spikeri, Çexiya Kommunist Partiyasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Voytex Filipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Azərbaycan Çexiyaya kənd təsərrüfatında əməkdaşlığa dair bir sıra təkliflər verib

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Bu gün kənd təsərrüfatı naziri Heydər Əsədov, Çexiya Deputatlar Palatasının vitse-spikeri, Çexiya Kommunist Partiyasının sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Voytex Filipin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşün məqsədi Azərbaycanla Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq imkanlarının və gələcək perspektivlərin müzakirəsi olub.

H.Əsədov Azərbaycanın tarixən aqrar ölkə olduğunu, müstəqillik əldə etdikdən sonra iqtisadiyyatımızın yüksək templə inkişaf etdiyini, ölkəmizin aqrar sahədə çox böyük nailiyyətlərə imza atdığını və qeyri-neft sektorunda kənd təsərrüfatının proritet sahə olduğunu bildirib. Nazir ölkələrimizin parlamentləri arasında olan sıx əməkdaşlığı yüksək qiymətləndirərək digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də bu əlaqələrin genişlənməsinin vacibliyini vurğulayıb.

Nazir yeni sistemlərin kənd təsərrüfatında tətbiq olunmasını və bununla əlaqədar hüquqi bazanın və bu məqsədlə işçi qrupunun yaradılmasını xüsusilə qeyd edib. Azərbaycanda elektron kənd təsərrüfatı sisteminin yaradılmasında, pivə istehsalında, logistik bazaların və aqroparkların yaradılmasında, kadr hazırlığında birgə əməkdaşlığı məqsəduyğun hesab etdi və əməkdaşlığa dair aşağıdakı təklifləri nəzərə çatdırıb:

İki ölkə arasında aqrar sahədə müqavilə-hüquq bazasının yaradılması məqsədilə kənd təsərrüfatı, bitki karantini və mühafizəsi, eləcə də baytarlıq sahələrində saziş layihələrinin hazırlanması imkanlarının araşdırılması; heyvandarlıqda damazlıq və seleksiya işləri, qarışıq yem istehsalının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq; arpanın genetik materiallarının mübadiləsi, həmçinin buğda və pivəlik arpa sortlarının Azərbaycanın müxtəlif bölgələrində sınaqlarının keçirilməsi; hər iki ölkənin müvafiq qurumları arasında fitosanitar və təkrar ixracat fitosanitar sertifikatlarının, informasiya və təcrübə mübadiləsinin aparılması; Çexiyanın müvafiq təhsil müəssisələri və Azərbaycan Dövlət Aqrar Universiteti arasında tələbə və doktorantların qarşılıqlı mübadiləsi, ixtisasartırma kurslarının təşkili və birgə elmi tədqiqat işlərinin aparılması; Çexiya Respublikasının aparıcı lizinq şirkətlərinin və maliyyə qurumlarının (bankların) Azərbaycanın lizinq bazarında fəaliyyətinin təşkili və aqrar sektora investisiyaların yatırılması.

V.Filip Azərbaycanla Çexiya arasında digər sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də qarşılıqlı əlaqələrin daha da genişlənməsinə önəm verdiyini bildirib.

Parlamentin Deputatlar Palatasının Kənd təsərrüfatı komitəsinin sədri Yaroslav Faltinek Çexiyanın kənd təsərrüfatı barədə ətraflı məlumat verərək Azərbaycanın aqrar sahəsində birgə əməkdaşlığa önəm verdiklərini, xüsusilə şərab və meyvə-tərəvəz məhsullarının Çexiyaya ixrac olunmasında maraqlı olduqlarını bildirib.

H.Əsədov Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu nümayəndə heyətinin nəzərinə çatdırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti