Azərbaycan, Bakı, 12 dekabr /Trend, müxbirlər İlkin İzzət, Azad Həsənli/
Azərbaycan İranla yeni sərhəd-buraxılış məntəqələri açmağı planlaşdırır. Trend xəbər verir ki, bu barədə cümə günü jurnalistlərə Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) sədrinin müavini Əsgər Abdullayev bildirib.
Onun sözlərinə görə, Biləsuvar rayonu ərazisində də gömrük məntəqəsinin açılması zəruridir: "Hazırda danışıqlar gedir və demək olar ki, artıq razılıq əldə olunub. Gələcəkdə eləcə də "Xudafərin" sərhəd-buraxılış məntəqəsini açmaq istəyirik".
Sədr müavini, həmçinin "Biləsuvar" sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi məsələsinə də toxunub və bildirib ki, İran tərəfi buna artıq razılıq verib.
Abdullayevin qeyd etdiyi kimi, "Biləsuvar" sərhəd-buraxılış məntəqəsinin bütün gün ərzində işləməsi orada intensivliyin artması ilə əlaqədar, eləcə də yüklərin Naxçıvana sutka ərzində çatdırılması üçün lazımdır.
Onun sözlərinə görə, digər sərhəd-buraxılış məntəqəsinin sutkalıq işinin təşkilinə gəldikdə, bu məsələyə onlarda intensivliyin artması zamanı baxılacaq. Bu məsələni hər iki tərəfin razılığı əsasında həll etmək lazımdır.