...

AYİB azərbaycanlı konsultantlara kömək göstərir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2015 19:22 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı xidmətlərinin keyfiyyətini artırmaqda azərbaycanlı konsultantlara kömək göstərir.
AYİB azərbaycanlı konsultantlara kömək göstərir

Azərbaycan, Bakı, 11 fevral /Trend/

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) tərəfindən təşkil olunan və Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, 11-13 fevral 2015-ci il tarixlərində keçirilməsi planlaşdırılan üç günlük biznesin diaqnostikası ilə əlaqədar seminarda Azərbaycanın 15 konsaltinq şirkəti iştirak edəcək.

Bankdan Trend-ə verilən məlumata görə, təlimin məqsədi azərbaycanlı konsultantların yerli kiçik və orta müəssisələrə göstərdiyi konsaltinq xidmətlərinin keyfiyyətini artırmaqdan ibarətdir. Kurs Avropa Yenidənqurma və İnkişaf Bankının Kiçik Biznesə Dəstək komandası ilə sıx əməkdaşlıq şəraitində beynəlxalq treyner tərəfindən aparılacaq.

AYİB bilik və bacarıqlarını təkmilləşdirmək, kiçik və orta müəssisələr üçün keyfiyyətli layihələr həyata keçirmələrini təmin etmək və əhatə etdikləri ixtisas sahələrini genişləndirmək üçün Azərbaycanın yerli konsultantları ilə əməkdaşlıq edir.

AYİB-in Azərbaycanda Kiçik Biznesə Dəstək proqramı üzre meneceri Lalə Rzayeva bildirib ki, biznesin diaqnostikası konsultantların düzgün layihələri müəyyən etməsi, müştərinin qarşılaşdığı çətinliklərin köklərini aşkar etməsi və həll məsləhət görməsi üçün vacib vasitədir: "O, kiçik və orta müəssisələrə daha yaxşı xidmət göstərmək üçün mühüm əhəmiyyət kəsb edir".

Seminar konsultantların biznesin diaqnostikası konsepsiyasını anlamaları və öz konsaltinq fəaliyyətlərinə tətbiq etmələri baxımından faydalı olacaq. O, səmərəli və effektiv konsaltinq xidmətlərinin göstərilməsi, eləcə də uğurlu konsaltinq biznesinin həyata keçirilməsi üçün əsas bacarıq, resurs və texnikaların paylaşıldığı ixtisaslaşdırılmış təlim kurslarının bir hissəsidir.

Avropa İttifaqı və AYİB tərəfindən dəstəklənən seminar Azərbaycanda kiçik və orta müəssisələrin dəstəklənməsi üçün inkişaf edən konsaltinq bazarı yaratmaqla əlaqədar göstərilən səylərin tərkib hissəsidir. AYİB 1993-cü ildə Azərbaycanda fəaliyyətə başladığı vaxtdan bəri 700-dən artıq müəssisəyə inkişaf etmək və böyümək üçün nou-hau konsaltinq xidmətlərindən istifadə etməkdə kömək edib. Avropa İttifaqı 2003-cü ildən bəri bu işin dəstəklənməsi üçün 3,7 milyon avro vəsait ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti