Azərbaycan, Bakı, 3 aprel /Trend, müxbir Ənvər Məmmədov/
Vergilər Nazirliyi istismar zamanı nəzarət-kassa aparatının (NKA) plombunun pozulduğu və başqa problemlər yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarını təsdiq edib.
Trend-in nazirliyin saytına istinadən verdiyi məlumata əsasən, istismar zamanı nəzarət-kassa aparatının plombu pozulduqda və başqa problemlər yarandıqda vergi ödəyiciləri tərəfindən həmin NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana qədər) dayandırılır.
NKA-nın istismarı zamanı, plombun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili servis texniki xidmət mərkəzinə sifariş (çağırış) verilir.
Servis texniki xidmət mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən "Nəzarət-kassa aparatına texniki xidmət kitabın"nda müvafiq qeydlər aparılır.
NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (problemlər aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyat "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda vergi ödəyicisi tərəfindən aparılır.
Sənəddə qeyd edilir ki, NKA təmir edildikdən sonra "Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı"nda qeyd edilən bütün məlumatlar aparatın yaddaşına daxil edilməlidir.