Azərbaycan, Bakı, 10 aprel /Trend, müxbir Azad Həsənli/
Rusiyadan Azərbaycana pul köçürmələri 2014-cü ildə 1,31 milyard ABŞ dolları təşkil edib.
Trend-in Rusiya Mərkəzi Bankının rəsmi saytına istinadən verdiyi məlumata görə, bu göstərici üzrə ötən il 2013-cü ildəki ilə müqayisədə 2,2 faiz azalma müşahidə olunub.
Belə ki, 2013-cü ildə Rusiyadan Azərbaycana pul köçürmələrinin ümumi həcmi 1,34 milyard dollar təşkil edib.
2014-cü ildə Rusiyadan Azərbaycana ortalama köçürmə məbləği 655 ABŞ dolları olub.
Azərbaycana pul köçürən şəxslər kimi - ümumi məbləğdən RF vətəndaşlarının payına 708 milyon dollar, digər ölkələrin vətəndaşlarının payına isə 603 milyon dollar düşüb.
Cənubi Qafqaz ölkələri arasında ən çox pul köçürmə Ermənistanın payına düşüb - 1 milyard 551 milyon dollar. Gürcüstana isə pul transferi 813 ABŞ dolları həcmində olub.
MDB ölkələri arasında Rusiyadan ən çox pul köçürmə Özbəkistanda gerçəkləşib - 5 milyard 653 milyon dollar. Daha sonrakı yerləri Tacikistan (2 milyard 854 milyon doll.), Ukrayna (2,4 milyard doll.), Qırğızıstan (2 milyard 62 milyon doll.) tutub.
MDB ölkələri arasında Moldovaya 1 milyard 238 milyon dollar, Qazaxıstana 577 milyon dollar, Belarusa 377 milyon dollar, Türkmənistana isə 31 milyon dollar göndərilib.
2014-cü ildə Rusiyadan uzaq xaricə olan ən böyük pul köçürmə 10,3 milyard ABŞ dolları həcmində İsveçrəyə gerçəkləşib. ABŞ-a olan pul köçürmə 4,1 milyard, Böyük Britaniyaya isə 3,9 milyard dollar təşkil edib.
Ötən il Rusiyadan xaricə pul köçürmələrinin ümumi həcmi 68,9 milyard ABŞ dolları olub.