Azərbaycan, Bakı, 17 aprel /Trend/
Bu gün İqtisadiyyat və Sənaye Nazirliyində maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qruplarının növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasda müvafiq sahədə fəaliyyət göstərən şirkətlərin nümayəndələri təmsil etdikləri müəssisələr barədə məlumat verib, sahənin inkişafına dair təkliflər irəli sürüblər. İclasda "Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı" çərçivəsində verilən tapşırıqların icrası, eləcə də neft-maşınqayırması ilə bağlı təkliflərin hazırlanması məsələləri müzakirə edilib.
İclasın sonunda maşın və avadanlıq istehsalı sənayesi və metallurgiya sənayesi üzrə işçi qruplarının növbəti iclasına qədər müəssisələr tərəfindən təkliflərin təqdim olunması, İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən isə bu təkliflərin təhlil edilərək müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 12 mart 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, müxtəlif sənaye sahələri üzrə mövcud vəziyyətin və inkişaf istiqamətlərinin müzakirəsi, bu inkişafa təkan verən amillərin nəzərdən keçirilməsi, sənaye müəssisələri ilə dialoqun gücləndirilməsi və müəssisələrarası əməkdaşlığın təşviqi məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən sənayenin müxtəlif sahələri üzrə 8 işçi qrupu yaradılıb (yüngül, ağac emalı və mebel istehsalı, kimya, əczaçılıq məhsulları istehsalı, aqrar, kompüter və elektron avadanlıq, metallurgiya, maşın və avadanlıq istehsalı, tikinti-inşaat materialları sənayesi). Ötən il işçi qruplarının ilk iclasları keçirilib, sənayenin müvafiq sahələri üzrə müzakirələr aparılıb və təkliflər hazırlanıb.