Azərbaycan, Bakı, 4 iyul /Trend, müxbir Azad Həsənli/
2015-ci ilin iyun ayında daşınmaz əmlakın icbari sığortası üzrə 13 487 sığorta müqaviləsi bağlanılıb.
Trend-in İcbari Sığorta Bürosuna (İSB) istinadən verdiyi məlumata görə, daşınmaz əmlakın icbari sığortası üzrə daxil olan sığorta haqlarının məbləği 5 milyon manat təşkil edib.
Daşınmaz əmlakın icbari sığortası müqavilələrinin 81,43%-i yaşayış evləri və mənzillər, 1,45%-i inzibati binalar, 17,12%-i isə digər daşınmaz əmlakla bağlı olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə daşınmaz əmlakın icbari sığortası müqavilələrinin sayında 50%, sığorta haqlarının məbləğində isə 2,4 dəfə artım müşahidə edilib.
Ümumilikdə 2015-ci ilin yanvar-iyun ayları ərzində 67 112 sığorta müqaviləsi bağlanıb və bu müqavilələr üzrə sığorta haqları 17,9 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 29% azalma, sığorta haqlarının məbləğində isə 2 dəfə artım müşahidə edilib.