...

Nazir: İran TASIM layihəsi üzrə Azərbaycanla əməkdaşlığa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2015 11:30 (UTC +04:00)
İran Transavrasiya superinformasiya magistralı (TASIM) layihəsi üzrə Azərbaycanla əməkdaşlığa hazırdır.
Nazir: İran TASIM layihəsi üzrə Azərbaycanla əməkdaşlığa hazırdır

İran,Tehran, 23 avqust /Trend, müxbir Təmkin Cəfərov/

İran Transavrasiya Superinformasiya Magistralı (TASIM) layihəsi üzrə Azərbaycanla əməkdaşlığa hazırdır.

Bunu Trend-ə eksklüziv müsahibəsində İranın Rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası komissiyanın iranlı həmsədri Mahmud Vaezi deyib.

Nazir bildirib ki, TASIM layihəsi üzrə Azərbaycanla əməkdaşlıq etmək istəyirik: "Bu məsələni Azərbaycan Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasovla müzakirə etməyə hazıram. Düşünürəm ki, hazırda ölkələr müxtəlif kanal və yollar vasitəsilə birləşməkdə maraqlıdırlar. Bütün bunlar ölkələr arasında əlaqələrin daha da gücləndirilməsi üçün edilir. Bu sahədə əməkdaşlığı alqışlayırıq".

M.Vaezi həmçinin qeyd edib ki, İran trafik tranzit tarifləri müəyyənləşəndən sonra böyük miqyaslı EPEG (Europe-Persia Express Gateway) beynəlxalq layihəsinin ikinci mərhələsinin icrasına başlamağa hazırlaşır: "Layihə ilə bağlı işlər yüksək templə gedir. Artıq hər şey hazırdır və yaxın gələcəkdə EPEG layihəsinin ikinci mərhələsinin icrasına başlanılacaq. İran bu layihəyə böyük investisiyalar qoyub. Bu layihənin böyük potensialı olduğunu düşünürük. Tariflərə gəldikdə isə, bu barədə heç nə deyə bilmərəm. Belə ki, hazırda bütün dünyada tariflər çox dəyişkəndir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti