...

Azərbaycanda özbaşına tikintilərlə bağlı monitorinq gücləndirildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Noyabr 2015 16:33 (UTC +04:00)
Torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı monitorinq-araşdırma tədbirləri gücləndirilib.
Azərbaycanda özbaşına tikintilərlə bağlı monitorinq gücləndirildi

Bakı. Trend:

Torpaq sahələrindən qanunsuz istifadə və özbaşına tikintilərlə bağlı monitorinq-araşdırma tədbirləri gücləndirilib. Bu barədə Trend-ə Əmlak Məsələləri Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış müvafiq sərəncamla Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun təsdiq olunub. Sərəncamla torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələrinə dair qanunsuz qərar vermə ilə əlaqədar cəzalar sərtləşdirilib.

Əmlak Məsələləri Dövlət Komitəsi artıq sərəncamın icrası ilə bağlı müvafiq monitorinq-araşdırma tədbirlərinə başlayıb. Torpaqların təyinatı ilə bağlı qanunvericiliyin tələblərinin qorunması istiqamətində tədbirlər gücləndirilib. Yaradılmış monitorinq qrupları tərəfindən respublikanın müxtəlif bölgələri, eləcə də Bakı və Abşeron üzrə torpaq reydlərinə start verilib. Belə qruplar paralel olaraq bütün ölkə üzrə torpaqların özbaşına zəbt olunması, qanunsuz tikintilərin aparılması, təyinatına zidd istifadə və torpaq sahələri barədə qanunsuz qərarların verilməsi faktlarını araşdırır. Kənd təsərrüfatlı torpaqlarda qanunsuz yaşayış evi və ya digər obyektlərin tikintisi, torpaqların təyinatının qanunsuz dəyişdirilməsi, dövlət torpaqlarının zəbt olunması kimi hallar müəyyən edilir. Belə qanunsuz hərəkətlər nəticədə kənd təsərrüfatı təyinatlı torpaqların sahəsi azalır, torpağın məqsədli istifadəsinə maneələr ortaya çıxır, qanunsuz tikililərin sayı artır. Müvafiq qurumlar tərəfindən torpaq sahələri özbaşına olaraq təyinatı nəzərə alınmadan istifadəyə, icarəyə və ya mülkiyyətə verilir. Zəbt olunmuş sahələrdə qanuna zidd olaraq tikintilər aparılır, özbaşına istifadə hallarına yol verilir. Belə qanunsuzluqlar sonda narazılıqlara səbəb olur və mülkiyyət barədə hüquqi mübahisələrə yol açır. Analoji hadisələrin qarşısını almaq məqsədilə aşkar olunmuş belə hüquq pozuntuları ilə bağlı müvafiq qanunvericiliyə, eləcə də qeyd olunan Sərəncama əsasən tədbirlər görülür. İnzibati sanksiyalar tətbiq olunur, konkret məsuliyyətə cəlb olunma və ya sərt cəza tədbirlərinin tətbiqi ilə bağlı qərar verilir.

Xatırladaq ki, belə monitorinqlər Komitənin torpaq sahələrinə nəzarət üzrə torpaq müfəttişləri tərəfindən həyata keçirilir. Komitənin yeni Əsasnaməsinin təsdiqindən sonra start verilən belə torpaq monitorinqləri dövlət başçısının Cinayət Məcəlləsinə dəyişikləri nəzərdə tutan məlum sərəncamından sonra daha da intensivləşib. Məqsəd respublikada torpaq qanunvericiliyinin daha ciddi şəkildə qorunması ilə dövlət, bələdiyyə və özəl mülkiyyətə münasibətdə hüquqların və mənafelərin daha səmərəli təmin olunmasıdır.

Qeyd edilməlidir ki, adıçəkilən sərəncam Azərbaycanda Torpaqların Elektron Kadastr Uçotu Sisteminin yaradılmasında da mühüm əhəmiyyətə malikdir. Belə ki, Sistemdə hər bir torpaq sahəsinin təyinatı, torpağın yerləşmə vəziyyətini göstərən koordinatları, mühafizə zonaları, tikintilər və onların xarakteristikası barədə müfəssəl məlumatlar toplanacaq ki, bu da mükəmməl hüquqi baza və ciddi nəzarət mexanizmi olmadan çox çətindir. Belə Sistemin yaradılması məqsədilə hazırda təyinatından və mülkiyyət növündən asılı olmayaraq bütün torpaqların elektron kadastr uçotuna alınması işi həyata keçirilir. Ərazilərin rəqəmsal xəritələri hazırlanır, torpaq informasiya bankı formalaşdırılır. Bu sərəncamın verilməsi ilə torpaq sahələri barədə yol verilən qanunsuzluqlar və özbaşınalıqların qarşısı alınacaq ki, bu da Sistemin yaradılması işini sürətləndirəcək. Torpaqların Elektron Kadastr Uçotu Sistemi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasında mühüm rol oynayacaq.

Sərəncamın icrasını təmin etmək məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyətini digər aidiyyəti qurumlarla da əlaqələndirir. Yerli icra hakimiyyətləri, fiziki və hüquqi şəxslər, bələdiyyələr və aidiyyəti dövlət qurumları ilə fəaliyyətin koordinasiyası torpaq qanunvericiliyinin ölkə üzrə daha effektiv qorunmasına imkan verir.

Qeyd edək ki, sərəncamla mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutmaya görə cəzalar müəyyən edilib. Belə qanunsuzluqlara yol verənlər səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işləri aparanlara isə 1 ildən 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq edilir. Habelə qanunsuz hasarlama, özbaşına tikinti və digər qanuna zidd əməllərə kənd təsərrüfatı təyinatlı torpaqlarda yol verilərsə, 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda əgər şəxslər tərəfindən belə hərəkətlər təkrar, eləcə də qulluq mövqeyindən istifadə edilməklə törədilərsə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur.

Dəyişikliklər dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri barədə qəbul edilən qanunsuz qərarlara da aiddir. Belə ki, dövlətin mülkiyyətində olan torpaqların bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə mülkiyyətə (istifadəyə və ya icarəyə) verilməsi barədə qanunsuz qərar qəbul edən vəzifəli şəxslər 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilir. Bunlarla yanaşı, belə cəza tədbirləri dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinə də şamildir. Bu torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi barədə qərar qəbul edilməsi də cinayət məsuliyyətinə səbəb olur. Belə ki, belə qərarlar qəbul edən vəzifəli şəxslər məsuliyyətə cəlb olunur və 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum edilir. Qanunda Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar barədə yol verilən qanunsuz əməllərə qarşı da cəza tədbirləri müəyyən edilib. Məcəllənin 314-1.1-ci və 314-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllər belə sahilboyu torpaqlarda törədilərsə, 7 ildən 10 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası tətbiq olunur. Eyni zamanda belə şəxslər 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan da məhrum edilir.

Bütün bu fəaliyyətlər nəticəsində torpaqların məqsədli dövriyyəsinə qaytarılması, istifadəsiz və ya təyinatına zidd istifadədə olan torpaqların qanunauyğun şəkildə yenidən iqtisadi dövriyyəyə cəlb edilməsi təmin ediləcək. Dövlət, bələdiyyə və özəl mülkiyyət barədə hər hansı qanunsuz qərarların qəbul edilməsi, qeyri-qanuni sənədlərin verilməsi aradan qaldırılacaq. Bununla da respublikada torpaq münasibətlərinin səmərəli şəkildə tənzimlənməsinə və mülkiyyət hüquqlarının yüksək səviyyədə təmin olunmasına böyük dəstək verəcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti