...

Rusiyadan İrana Azərbaycan ərazisindən dəmir yolu ilə daşınan yüklər artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2015 12:00 (UTC +04:00)
Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.
Rusiyadan İrana Azərbaycan ərazisindən dəmir yolu ilə daşınan yüklər artıb

Bakı. Trend:

Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, son aylar ərzində Azərbaycan dəmir yolları ölkənin dəmir yolu ilə bağlı tranzit potensialının artırılması istiqamətində bütün imkanları səfərbər edib. Artıq Rusiya Federasiyasından İran İslam Respublikasına, Azərbaycan ərazisindən tranzit olaraq keçməklə, dəmir yolu ilə daşınan yeni yüklər cəlb olunmağa başlanıb.

Dəmir yolu ilə daşınan yüklərin Azərbaycan üzərindən, Astara stansiyasından İrana daşınmasını təmin etmək üçün İngiltərənin Moskvada yerləşən MDB üzrə "Argus Media" Qiymət Agentliyi ilə danışıqlar aparılıb. "Argus Media" Qiymət Agentliyinin məlumatına əsasən, İrana Rusiyadan və Qazaxıstandan taxıl məhsullarının, dəmir məmulatlarının və taxta materiallarının daşınması həyata keçirilir.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti rəhbərliyinin apardığı düzgün tarif siyasəti nəticəsində bəzi yüklərin Azərbaycan üzərindən İrana uğurla daşınması mümkün olub.

Qeyd edək ki, əvvəlki marşrutlarla aparılan daşımalarda bəzi çətinliklər mövcud idi. Birincisi, Rusiyadan Qazaxıstan və Türkmənistan üzərindən - Sərəxs keçid məntəqəsindən İrana qədər olan məsafə kifayət qədər uzaqdır. Rusiyanin dəniz limanlarından daşınan yüklər isə gəminin yükü tam yığılanadək saxlandığı zaman əlavə cərimələr yaranır. Bu yüklər Azərbaycan dəmir yolu üzərindən tranzit olaraq daşınanda isə həm məsafə qısalır, həm də əlavə cərimələrdən qaçınılır.

Dekabrın əvvəlində Rusiyanın Mixaylovo - Leontyevskaya stansiyasından göndərilmiş 5 vaqon darı (340 ton) Astara stansiyasında vaqonlardan maşınlara yüklənərək İrana göndərilib.

Daha 10 vaqon darı (700 ton) Rusiyanın Sebryakovo stansiyasından Astara stansiyasına, sonradan isə İran alıcısının sifarişi ilə maşınlarla İrana göndəriləcək. Artıq 3 vaqon Astara stansiyasındadır və yükün maşınlarla İrana göndərilməsi prosesi gedir.

Bütün bu işlər müasir tələblərə cavab verən terminalda avtomatlaşdırılmış şəkildə həyata keçirilir. Yaxın vaxtlarda Qazaxıstan və Rusiyadan minlərlə ton həcmində buğda, arpa, kətan, mərci kimi yüklərin Astara stansiyasına və oradan da İrana göndəriləcəyi planlaşdırılır. Gələcəkdə bu istiqamətdə yüklərin daha da artacağı gözlənilir.

Ölkənin tranzit potensialının artırılması istiqamətində görülən işlər "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin ölkəmizin ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsini zəruri edib. Bu məqsədlə Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" sərəncam imzalayıb.

Qeyd edək ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında Razılaşma Rusiya Federasiyası, İran İslam Respublikası və Hindistan arasında 12 sentyabr 2000-ci ildə Sankt-Peterburq şəhərində bağlanıb. Göstərilən dövlətlərdə daxili prosedurlardan keçdikdən sonra Razılaşma 21 may 2002-ci il tarixdən qüvvəyə minib. 2005-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Qanunu ilə ölkəmiz "Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi haqqında" Sazişə qoşulub.

"Şimal-Cənub" dəmir yolu Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq. Həmin dəhliz Avropa - Cənubi Asiya - Yaxın Şərq arasında dəmir yolu daşımalarını, müvafiq olaraq dəmir yolunun istər yerli, istərsə də tranzit daşımalarından əldə etdiyi gəlirləri artırmağa imkan verəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti