Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda aqrar sahədə müasir biznes texnologiyası olan aqroparkların yaradılması ilə bağlı praktiki addımlar atılaraq, Şəmkir və Yalama aqroparklarının tikintisinə, habelə Xızı aqroparkında müxtəlif təyinatlı təsərrüfatların yaradılmasına başlanılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxış edən kənd təsərrüfatı naziri Heydər Əsədov deyib.
Nazirin sözlərinə görə, ölkədə intensiv ferma modelinə dəstək tədbirləri çərçivəsində son iki ildə 9500 başdan çox iribuynuzlu damazlıq heyvan gətirilərək güzəştli lizinq şərtləri ilə fermerlərə satılıb. Bu da əvvəlki illərdə bu məqsədlə gətirilmiş heyvanların 110 faizinə bərabərdir.
H.Əsədov əlavə edib ki, Avropa İttifaqının təcrübəsinə uyğun inteqrasiya olunmuş nəzarət sisteminin prinsipləri əsasında torpaq sahələrinin indentifikasiya sistemi, fermer təsərrüfatlarının reyestri və digər modullar üzrə yaradılan proqram təminatının test sınağı aparılıb və Xaçmaz rayonu üzrə sistemin pilot tətbiqinə başlanılıb.
Kənd təsərrüfatı ərazilərinin mövcud vəziyyətinə uyğun aero və peyk təsvirlərinə əsaslanan məkan məlumatlarının, habelə bitki örtüyünün müəyyən edilməsinə xidmət edən orto-foto xəritələrinin tərtibi üçün Aerogeodeziya müəssisəsi ilə birlikdə praktiki fəaliyyətə və Azərsky peyki ilə çəkilişlərə başlanılıb. Həmçinin "Aqrolizinq" ASC tərəfindən aparılan bütün əməliyyatların elektron uçot sisteminə keçilməsi başa çatdırılıb, texniki nəzarət müfəttişliyində avtomatlaşdırılmış informasiya sistemi istismara verilərək, bütün növ kənd təsərrüfatı texnikalarının qeydiyyata alınması, çıxarılması, ipoteka yüklülüyü, sürücülük vəsiqəsinin verilməsi və sair əməliyyatlar elektron qaydada təşkil edilib: Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən bitkiçilik məhsullarının idxalına, ixracına, təkrar idxalına sertifikatların verilməsi, habelə nazirlik tərəfindən göstərilən 19 xidmət elektron hökumət portalına inteqrasiya edilib.