...

Azərbaycan ABŞ-ın Nevada ştatı ilə iqtisadi əlaqələri genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2016 18:00 (UTC +04:00)
Aprelin 5-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembriki qəbul edib.
Azərbaycan ABŞ-ın Nevada ştatı ilə iqtisadi əlaqələri genişləndirir

Bakı. Trend:

Aprelin 5-də iqtisadiyyat naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan ABŞ-ın Nevada Ştat Assambleyasının sədri Con Hembriki qəbul edib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə ABŞ-ın Nevada ştatı ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

Nazir qeyd edib ki, Azərbaycan və ABŞ arasında əlaqələr təhlükəsizlik, terrorizmə qarşı mübarizə, eləcə də enerji, logistika və digər sahələrdə uğurla davam etdirilir. Əməkdaşlığın genişləndirilməsində qarşılıqlı səfərlərin və keçirilən görüşlərin əhəmiyyətini vurğulayan Ş.Mustafayev Azərbaycan Prezidentinin IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək məqsədilə bu yaxınlarda ABŞ-da səfərdə olduğunu, səfər zamanı bir sıra görüşlər keçirdiyini bildirib. ABŞ nümayəndə heyətinin Azərbaycana səfəri də ölkələrimiz arasında əlaqələrin inkişafına verilən önəmin göstəricisidir.

Ş.Mustafayev hazırda ölkəmizdə 200-dən çox ABŞ şirkətinin fəaliyyət göstərdiyini, indiyədək ABŞ tərəfindən Azərbaycan iqtisadiyyatına 10 mlrd. dollar investisiya qoyulduğunu qeyd edib, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu diqqətə çatdırıb. ABŞ Azərbaycanın iştirakı ilə reallaşdırılan enerji layihələrini, o cümlədən "Cənub Qaz Dəhlizi" layihəsini dəstəkləyir. Qeyri-neft sektorunun inkişafının Azərbaycan iqtisadiyyatının prioritet istiqaməti olduğunu deyən nazir bu sahəyə investisiya qoyuluşu üçün imkanları qeyd edib.

ABŞ-ın Nevada Ştat Assambleyasının sədri C.Hembrik ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün imkanları vurğulayıb, Nevada ştatının İqtisadi İnkişaf İdarəsinin müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarından ibarət heyətin Azərbaycana səfərini təklif edərək, iqtisadi sahədə əlaqələrin inkişafı barədə fikirlərini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti