...

Hesablama Palatası vergi dərəcələrinin optimallaşdırılmasından daha səmərəli istifadəni təklif edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2016 18:25 (UTC +04:00)
Mayın 17-də Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.
Hesablama Palatası vergi dərəcələrinin optimallaşdırılmasından daha səmərəli istifadəni təklif edir

Bakı. Trend:

Mayın 17-də Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

Palatadan Trend-ə verilən məlumata görə, Kollegiyada "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının Rəyi geniş müzakirə olunub.

Rəydə qeyd olunur ki, dövlət büdcəsinin gəlirlərinin "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə 19 438 000,0 min manat məbləğində müəyyən edilmiş proqnozu "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanun layihəsinə və dövlət büdcəsinin icrasına dair müvafiq hesabata əsasən 17 497 964,7 min manat məbləğində və ya 90,0% səviyyəsində icra olunub. 2015-ci il ərzində icra olunmuş dövlət büdcəsinin gəlirləri 2013-cü ilin icrası ilə müqayisədə 1 998 365,2 min manat və ya 10,2%, 2014-cü ilin icrası ilə müqayisədə isə 902 600,5 min manat və ya 4,9% azalıb.

Son illərdə qeyri-neft mənbələrindən dövlət büdcəsinin gəlirlərinin davamlı artması, eyni zamanda ümumi büdcə gəlirlərində xüsusi çəkilərinin də yüksəlməsini şərtləndirib ki, bu göstərici də 2013-cü ilə nisbətən 14,7 faiz bəndi, 2014-cü ilə nisbətən 7,6 faiz bəndi artaraq 41,6%-ə çatıb.

Dövlət Neft Fondundan daxilolmalar üzrə hesabat dövrü üçün müəyyən edilmiş 10 388 000,0 manat məbləğində proqnoz 8 130 000,0 manat və ya 78,3% səviyyəsində (2 258 000,0 min manat az) yerinə yetirilib ki, bu da 2013-cü ilə nisbətən 3 220 000,0 min manat və ya 28,4%, 2014-cü ilə nisbətən 1 207 000,0 manat və ya 12,9% azdır.

2013-2014-cü illərlə müqayisədə hesabat dövründə Dövlət Neft Fondu üzrə daxilolmaların xüsusi çəkisi müvafiq olaraq 12,7 faiz bəndi və 4,2 faiz bəndi azalıb, hesabat ilində 46,5% təşkil edib. Dövlət Neft Fondundan daxilolmalar nəzərə alınmadan dövlət büdcəsinin gəlirlərinin icra səviyyəsi isə 2015-ci ildə 103,5% (9 050 000,0 min manat proqnoza qarşı 9 367 964,7 min manat) təşkil edib ki, bu da 2013-cü illə müqayisədə 1 221 634,8 min manat və ya 15,0%, 2014-cü illə müqayisədə 304 399,5 min manat və ya 3,4% çoxdur.

Rəydə bildirilir ki, dövlət büdcəsinin icrası ilə bağlı məlumatlara əsasən, Vergilər Nazirliyi üzrə müəyyən edilmiş 7 112 000,0 min manat məbləğində proqnoz 7 118 300,0 min manat və ya 100,1%, Dövlət Gömrük Komitəsi üzrə müəyyən edilmiş 1 590 000,0 min manat məbləğində proqnoz isə 1 591 907,4 min manat və ya 100,1% səviyyəsində yerinə yetirilib. 2013-2014-cü illərlə müqayisədə daxilolmaların həcmi Vergilər Nazirliyi üzrə, müvafiq olaraq 454 295,8 min manat (6,8%) və 4629,0 min manat (0,1%), Dövlət Gömrük Komitəsi üzrə isə müvafiq olaraq 208 660,5 min manat (15,1%) və 81 148,4 min manat (5,4%) artıb.

2013-2014-cü illərlə müqayisədə hesabat dövründə daxilolmaların xüsusi çəkiləri Azərbaycan Vergilər Nazirliyi üzrə, müvafiq olaraq 7,3 faiz bəndi və 2,0 faiz bəndi, Azərbaycanın Dövlət Gömrük Komitəsi üzrə, müvafiq olaraq 7,3 faiz bəndi və 2,0 faiz bəndi artıb, hesabat ilində Vergilər Nazirliyi üzrə 40,7%, Gömrük Komitəsi üzrə 9,1% təşkil etmişdi.

Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar üzrə 300 000,0 min manat məbləğində müəyyən edilmiş proqnoz "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsinə əsasən 202 202,6 min manat və ya 67,4% səviyyəsində icra olunaraq 2014-cü illə müqayisədə 5059,1 min manat və ya 2,4% azalıb. Nəzərə alınmalıdır ki, "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin icrası haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsində Dövlət meşələrinin qorunub saxlanılması və təkrar istehsalı fondu, Ətraf mühitin mühafizəsi üzrə dövlət fondu və Mineral-xammal bazası üzrə dövlət fondu üzrə ümumilikdə 2455,4 min manat məbləğində daxilolmalar büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar kimi nəzərə alınıb.

Dövlət büdcəsinin icrası ilə bağlı təqdim edilmiş məlumatlara görə, 2015-ci ildə dövlət büdcəsinin sair daxilolmaları 424 655,3 min manat məbləğində olub. Hesabat ili üçün təqdim olunan qanun layihəsində 358 774,9 min manat məbləğində olmaqla xarici valyuta mövqeyinin yenidən qiymətləndirilməsi üzrə yaranan fərq məbləği də daxil edilib. Bu mənbə dövlət büdcəsi gəlirlərinin 2,1%-ni təşkil etmiş və sair daxilolmaların tərkibində göstərilib.

Vergilərin hesablanması və ödənilməsi sisteminin bütün iştirakçılarına münasibətdə təkmilləşdirilməsini təmin edən nağdsız ödəniş infrastrukturunun 2015-ci il ərzindəki vəziyyəti ilə əlaqədar Azərbaycan Mərkəzi Bankının məlumatlarına istinadən müəyyən müsbət meylləri qeyd etmək olar. Belə ki, hesabat dövrünün yekunlarına görə pul bazası 7560,7 milyon manat təşkil edib, dövriyyədə olan nağd pulların həcmi əvvəlki ilə nisbətən orta hesabla 50,0% azalaraq 5416,8 milyon manata, pul bazasına nisbəti isə 71,6%-ə enib, POS-terminalların sayı 80 301-dək, o cümlədən pərakəndə ticarətdə 78 762-dək, eyni zamanda ödəniş kartlarının sayı 5659,0 minədək yüksəlib, debet və kredit kartları ilə aparılan əməliyyatların həcmi 1250,0 milyon manatadək artmış,1000 ödəniş kartına düşən əməliyyatların orta aylıq həcmi 220 837,6 manat, bir ATM-ə düşən əməliyyatların orta aylıq həcmi 377 509,9 manat, bir POS-a düşən əməliyyatların orta aylıq həcmi isə 15 78,4 manat təşkil edib.

Hesablama Palatası vergilərin hesablanması və ödənilməsi sisteminin bütün iştirakçılarına münasibətdə təkmilləşdirilməsini təmin edən nağdsız ödəniş infrastrukturunun inkişafında müsbət meyllərin müşahidə olunmasına baxmayaraq ümumilikdə ölkə üzrə istehlak dövriyyəsi göstəricilərinə adekvatlığı səviyyəsinin təmin olunması üçün qanunvericilik müstəvisində tənzimləyici normaların genişləndirilməsini, o cümlədən təsərrüfat subyektləri üzrə xərclərin yalnız nağdsız qaydada çəkildikdə gəlirlərindən çıxılmalara aid edilməsinə yol verilməsi istiqamətində tədbirlərin həyata keçirilməsini məqsədəmüvafiq hesab edib.

Həmçinin neft sektorunun dominantlığının kəskin səngiməsi şəraitində iqtisadi modelin qeyri-xammal (qeyri-neft) seqmentinin cəlbediciliyinin daha da artırılması istiqamətində görülən tədbirlər çərçivəsində daxili istehsalın idxalla müqayisədə üstünlüklərinin, ölkədaxili istehlakın hesabına qarşılanması səviyyəsinin yüksəldilməsinin, xammal və yarımfabrikatların ixracı ilə müqayisədə əlavə dəyəri yüksək olan hazır məhsulun ixracına önəm verilməsinin stimullaşdırılması üçün qanunvericilik müstəvisində vergi dərəcələrinin optimallaşdırılması alətindən daha səmərəli istifadə olunması təklif edilib.

Kollegiya üzvləri və iclas iştirakçıları Rəy barədə ümumi fikir və təkliflərini bildirərək Hesablama Palatası tərəfindən qanun layihəsinin və dövlət büdcəsinin icrası barədə illik hesabatın Milli Məclisində müzakirə edilməsi tövsiyə olunması ilə bağlı Kollegiya qərarı qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti