...

Saatlı və ətraf rayonlarda 90 yeni iş yeri açıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 İyun 2016 15:36 (UTC +04:00)
Saatlı rayonunda sahibkarlara güzəştli kreditlər verilib.
Saatlı və ətraf rayonlarda 90 yeni iş yeri açıla bilər

Trend-i buradan izləyin

Bakı. Trend:

İyunun 3-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Saatlı rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işgüzar forumunda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Saatlıda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.

100-ə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Saatlı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış "yaşıl market"in, iri fermer, intensiv bağçılıq, cins heyvandarlıq və tərəvəzçilik təsərrüfatlarının, çörək istehsalı və süd emalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 1040-a yaxın sahibkara 56,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2200-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12 300-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 482 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük, intensiv bağçılıq təsərrüfatlarının yaradılması və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib.

İşgüzar forum çərçivəsində Saatlı və ətraf rayonlardan olan 86 sahibkara 620 min manat güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən pambıqçılıq, heyvandarlıq, quşçuluq və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq.

Forum çərçivəsində Saatlıda güzəştli kredit ayrılmış pambıqçılıq üzrə iri fermer təsərrüfatında aparılan işlərə baxış keçirilib. Ümumilikdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı 270-ə yaxın sahibkara 59,4 milyon manat, o cümlədən 5 iri fermer təsərrüfatına 23 milyon manat, 250-dək kiçik və orta həcmli pambıqçılıq təsərrüfatına 2,6 milyon manat, pambığın ilkin emalı ilə bağlı 7 sahibkara 3,8 milyon manat və müasir texnologiyalara əsaslanan 7 tekstil fabrikinə 30 milyon manat güzəştli kredit verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti