Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 11:59-da yayılıb)
Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycan iqtisadiyyatına qoyulan Rusiya sərmayələrinin ümumi həcmi 3 milyard dollar təşkil edir.
Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumunda deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda Rusiya kapitalı ilə işləyən 600-dən çox müəssisə qeydiyyata alınıb.
N.Səfərov qeyd edib ki, Azərbaycan isə Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox sərmayə qoyub: "Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşı olaraq qalır. 2016-cı ilin ötən 4 ayı üzrə Rusiya Azərbaycanın əmtəə dövriyyəsində ikinci yeri, idxalda birinci yeri, ixracda isə 10-cu yeri tutur".
Nazir müavini əlavə edib ki, 2015-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 1,9 milyard dollar təşkil edib.