Bakı. Ənvər Məmmədov - Trend:
Azərbaycanda 4 ləğv edilmiş bank üzrə ilkin kompensasiyanın həcmi 110,7 milyon manat təşkil edib.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) icraçı direktoru Azad Cavadov deyib.
Onun sözlərinə görə, "Parabank"da fiziki şəxslərin əmanətlərinin ümumi həcmi 87,619 milyon manat, sığortalanmış əmanətlərin həcmi 61,949 milyon manat təşkil edir: "Bankda əmanətləri sığortalanmış əmanətçilərin sayı 18,97 min nəfərdir".
A.Cavadov qeyd edib ki, "Zaminbank"da fiziki şəxslərin əmanətləri 53,632 min manat təşkil edir, bundan 10 742 əmanətçinin 53,631 milyon manat məbləğində əmanəti sığortalanıb: "36,35 milyon manat məbləğində əmanət kompensasiya düşür. "Kredobank"da əmanətlərin ümumi həcmi 30,206 milyon manat təşkil edir. 20,956 milyon manatlıq əmanət sığortalanıb, 27,768 milyon manat məbləğində əmanətə kompensasiya düşür. "Dekabank"da fiziki şəxslərin əmanətlərinin həcmi 5,585 milyon manata bərabərdir, cəmi 133 nəfərin əmanəti sığortalanın, bunun məbləği 3,767 milyon manatdır, 2,807 milyon manatlıq əmanətə kompensasiya düşür".