...

"OBA" market: Biz bazarın sürətlə inkişaf edən və qiymətdə ucuz marketlər şəbəkəsiyik

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2017 16:08 (UTC +04:00)
Bizdə qiymətlər niyə ucuzdur?
"OBA" market: Biz bazarın sürətlə inkişaf edən və qiymətdə ucuz marketlər şəbəkəsiyik

Bakı. Trend:

“Biz bazarın sürətlə inkişaf edən və qiymətdə ucuz marketlər şəbəkəsiyik”.

Bu sözləri son günlər sosial şəbəkələrdə sayının artma sürəti və ucuz qiymətinə görə müzakirələrə səbəb olmuş, əhali tərəfindən rəğbətlə qarşılanan "OBA" marketlər şəbəkəsinin rəhbəri Vüsal Əmrahov deyib.

Şirkətin direktoru oxucuları maraqandıran bir çox məqamlara toxunub və redaksiyamızın suallarına cavab verib.

- Vüsal bəy, "OBA" marketin yaradılması zəruriyyəti haradan yarandı?

- Bilirsiniz bugün dünya iqtisadiyyatına liderlik edən dövlətlər də müxtəlif vaxtlarda iqtisadi sahədə çətinliklərlə qarşılaşıblar. Onlar bu dövrlərdə əhalinin rifahını yaxşılaşdırmaq, ölkə iqtisadiyyatına dəstək vermək və yerli istehsalı təşviq etmək məqsədi ilə müxtəlif addımlar atıblar. Bildiyiniz kimi 2016-cı il dünyada iqtisadi böhranla yadda qaldı. Bu dövrdə biz ölkə iqtisadiyyatına dəstək vermək, əhalini daha ucuz qiymət və yüksək keyfiyyətli məhsullarla təmin etməyi düşündük. Dünya təcrübəsini öyrənməyə başladıq və hard-discount modelinin tətbiqini məqsədəuyğun hesab etdik.

- "OBA" marketlərin sürətlə yayılması sosial şəbəkələrdə gündəm yaradıb. Necə oldu ki, az bir vaxtda bu qədər filial aça bildiniz?

- Biz ilk "OBA" marketi Əhmədli metrosunun yaxınlığında açdıq. Qiymət ucuzluğu və məhsulların keyfiyyəti alıcıların böyük marağına səbəb oldu. Bundan başqa "OBA" marketlər şəbəkəsinin böyük bir komandası var. Biz bütün gücümüzlə, komanda şəklində çalışdıq. Ailə mühiti, karyera yüksəlişi və işçilərimizin səyi bizi ölkənin ən çox filialı olan marketinə çevirdi. Təbii ki, istehlakçıların rəğbəti, onların güvəni və dəstəyi olmasa biz bu uğura imza ata bilməzdik. Bizim uğurumuzun əsas səbəbi müştərilərimizin rəğbətidir.

- "OBA" marketlərdə məhsullar digərlər marketlərə nisbətən 20 %-ə qədər ucuzdur. Bunun səbəbi nədir?

"OBA" marketlər şəbəkəsində 600-ə qədər çeşiddə zəruri gündəlik tələbat malları – qida və qeyri-qida – satılmaqdadır. Qeyd etdiyiniz kimi "OBA" marketlərdə satılan məhsullar digər marketlərə nisbətən 20 %-ə qədər ucuzdur. Bunun əsas səbəbi istehlakçıya satılan məhsulların markalaşmadan, istehsalçıdan birbaşa istehlakçıya yönəldilməsidir. Yəni siz "OBA" marketdən alış-veriş edən zaman markalaşmış, əlavə reklam hesabına baha olan məhsulları reklam olunmayan adlarda ucuz, amma eyni keyfiyyətdə alırsınız. Bundan başqa "OBA" marketlər şəbəkəsi dünya praktikasını ölkəmizdə tətbiq edərək, məhsulları alıcılara rəflərdə öz qutularında təqdim edir, yəni məhsullar rəflərdə xüsusi olaraq düzülmür. Bu da satılan məhsulun qiymətinə əlavə işçilik haqqı faizlərinin gəlməsinin qarşısını alır. Eyni zamanda biz icarə haqqı aşağı olan yerləri seçirik. Bu da öz növbəsində qiymətə təsir edən amillərdəndir.

- Bəzən ucuz məhsullar keyfiyyətsiz təəssüratı yaradır. "OBA" marketdə satılan məhsulların keyfiyyəti barədə nə deyə bilərsiniz?

- "OBA" marketlər şəbəkəsində satılan bütün məhsulların keyfiyyətli olması üçün istehsalçılardan zəmanət alırıq. İstənilən xırda istehsal problemi olduqda, bununla bağlı istehsalçılara ciddi xəbərdarlıq olunur, bəzən də bu sifarişlərin dayandırılması ilə nəticələnir. Bundan başqa şirkətimizdə yaradılan keyfiyyətə nəzarət sistemi nəticəsində satılan məhsulların keyfiyyəti hər zaman diqqətdə saxlanılır, alıcılara kefiyyətdə və dadda digər markalardan geri qalmayan gündəlik tələbat məhsulları təqdim edilir. "OBA" marketin keyfiyyətə nəzarət şöbəsi istehsal prosesini daim nəzarətdə saxlayır. "OBA" marketlər şəbəkəsinin müasir standartlara cavab verilən labaratoriyası mövcuddur, burada məhsullar satışa çıxarılmazdan öncə keyfiyyəti yoxlanılır. Məhsul istehsal olunduqdan sonra kor dadım yolu ilə istehlakçılar arasında sorğular keçirir və məhsulun keyfiyyəti ilə yanaşı dadının da yaxşı olmasından əmin olduqdan sonra satışa çıxarırıq. Biz öz ailəmiz üçün də alış-verişi "OBA" marketdən edirik. Bunu xüsusi olaraq qeyd etmək istəyirəm ki, biz öz uşaqlarımıza, ailəmizə aldığımız məhsulları "OBA" marketlərdə satırıq. Qeyd edim ki, "OBA" marketlərdə satılan məhşur brendlər də digər marketlərdən ucuz təklif olunur.

- "OBA" market milli iqtisadiyyatımıza dəstək olduğunu vurğuladınız. Bu dəstək nədən ibarətdir?

- Öncəliklə qeyd edim ki, hal-hazırda "OBA" marketlər şəbəkəsində ümumilikdə iki minə qədər işçi çalışır. Marketin yeni filiallarının açılması yeni iş yerləri deməkdir. Bundan başqa biz istehsal imkanları geniş olan, lakin dağıtımı həyata keçirə bilməyən sahibkarlıq müəssisələrini araşdırır, bu müəssisələrə sifarişlər verərək, öz markalarımız ilə məhsullar istehsal etdiririk. Beləliklə həm sahibkarlıq inkişaf edir, həm də əhali yerli, eyni zamanda keyfiyyətli məhsullarla təmin olunur.

- Vüsal bəy, hazırda "OBA" marketlər şəbəkəsinin neçə filialı fəaliyyət göstərir və hədəfləriniz nədir?

- Hal-hazırda ölkəmizin müxtəlif yerlərində 400-ə qədər OBA market fəaliyyət göstərir. Marketimizin Bakı ilə yanaşı Sumqayıt, Xırdalan, Lənkəran, Cəlilabad, Masallı, Biləsuvar, Salyan, Neftçala, Gəncə, Şəmkir, Gədəbəy, Qazax, Ağstafa, Tovuz, Mingəçevir, Şirvan və digər rayonlarda filialları var. Hədəfimiz bütün Azərbaycanda filiallar açmaqdır. Biz daima bölgələrə səfərlər edir, yeni yerlər axtarırıq. Qarşımıza qoyduğumuz əsas məqsəd ölkəmizin hər yerində ucuz qiymətə keyfiyyətli məhsullar təqdim etməkdir. Təbii ki, OBA marketlər şəbəkəsinin sürətlə yayılması bəzi çətinliklər yaradır. Biz bu çətinliklərin aradan qaldırılması üçün səylə çalışırıq. Bizə çıxdığımız bu yolda dəstək olduqları üçün bütün müştərilərimizə təşəkkür edirik. Sonda isə bütün müştərilərimizdən xahiş edirik ki, hər hansı bir neqativ halla qarşılaşdıqlarında (012) 924 nömrəsi ilə əlaqə saxlayıb bizi məlumatlandırsınlar. İş üçün müraciət etmək istəyənlər, istehsal müəssisəsi olan sahibkarlar, icarə üçün yeri olan insanlar da bu nömrə ilə bizimlə əlaqə saxlaya bilərlər.

Xəbər lenti

Xəbər lenti