Bakı. Azad Həsənli - Trend:
Azərbaycanın mikromaliyyə təşkilatlarının manatda kreditlərə çıxışını genişləndirmək zəruridir.
Trend-in məlumatına görə, Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) sədri Süleyman Kələşov belə hesab edir.
Bakıda keçirilən V investisiya yarmarkasında çıxış edən S.Kələşov bildirib ki, mikromaliyyə təşkilatlarına dəstək təkcə iqtisadiyyatın inkişafına deyil, əhalinin rifahının yaxşılaşmasına da kömək edə bilər.
O, ölkədə maliyyə təşkilatlarını sağlamlaşdırmağın zəruriliyini də qeyd edib: "Biz düşünürük ki, hökumət və səhmdarların dəstəyi mikromaliyyə təşkilatları ilə bağlı problemin həllinə kömək edə bilər".
Assosiasiya sədri mikromaliyyə təşkilatlarının borclularının sayının getdikcə azaldığını bildirib: "Əgər 2015-ci ildə mikromaliyyə təşkilatlarının müştərilərinin sayı 600 mini keçirdisə, ötən il bu göstərici 298 minədək, 2017-ci ildə 118 min nəfərədək azalıb. Mikromaliyyə təşkilatlarının kredit portfeli isə 800 milyon manatdan 80,1 milyon manata düşüb".