Bakı. Elçin Mehdiyev – Trend:
2018-ci ilin dövlət büdcəsində neftin bir barelinin qiymətinin 45 dollardan götürülməsi düzgün qərardır. Trend-in məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov parlamentdə büdcə müzakirələri zaman deyib.
V.Ələsgərov bildirib ki, büdcədə neftin qiymətinin daha yüksək götürülməsi məsuliyyətli məsələdir: “Büdcədə neftin qiymətini artırsaq, büdcənin gəlir hissəsini artıra bilərikmi? Neftin qiymətini yüksək götürən beynəlxalq qurumlar dedikləri proqnozlara məsuliyyət daşıyırlarmı? Onların verdiyi proqnozların yerinə yetirilməsinə kim məsuliyyət daşıyacaq?”
Vitse-spiker qeyd edib ki, sabah nə olub-olmayacağını heç kim bilmir: "Ötən əsrin 90-cı illərinin əvvəllərində beynəlxalq qurumlar proqnoz verirdi ki, neftin qiyməti 2000-ci ilə bir bareli 25-27 dollar olacaq. 1998-1999-cu illərdə bir barel 11-12 dollara düşdü. Hansısa qurum buna cavab verdimi? Adını çəkdiyiniz beynəlxalq qurumlar 2007-ci ildə deyirdilər ki, 2008-ci ildə neftin bir barelinin qiyməti 200 dolları keçəcək. Bir barel neftin qiyməti 39 dollara düşdü. Bunun məsuliyyətini kim daşıdı? Bunun əziyyətini proqnozlara inanan hökumətlər çəkdi”.