Bakı. Sədrəddin Ağcayev - Trend:
Azərbaycanla Rusiya arasında işgüzar tərəfdaşlıq platforması inkişaf edəcək.
Trend-in məlumatına görə, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə heyətinin sədri Orxan Məmmədov bu gün Bakıda "Ağıllı şəhər" infrastrukturunun inkişafı sahəsində Rusiya şirkətlərinin işgüzar missiyası zamanı deyib.
"Biz Azərbaycana rusiyalı investorların cəlb olunmasında maraqlıyıq və onlara burada işləmək üçün zəruri vasitələr təqdim etməyə hazırıq. Onlar bizim bazara çıxmaq üçün zəruri prosedurları keçə bilər. Biz həm də uğurlu biznes fəaliyyəti üçün zəruri olan yerli bazarın araşdırılmasına görə sahibkarlara maliyyə dəstəyi göstəririk. Agentliyin digər mexanizmlərinə gəldikdə isə biz Azərbaycanda kiçik və orta biznesin inkişafı sahəsində elmi, tədris və tədqiqat layihələrinin icrasına qrantlar təqdim edirik" - deyə, O.Məmmədov bildirib.
Onun sözlərinə görə, agentlik həm də rusiyalı sahibkarlara yerli biznes tərəfdaşlarının müəyyən edilməsində kömək göstərə bilər.
O, bu istqamətdə Azərbaycanın 25-dən çox şəhər və bölgəsində fəaliyyət göstərən "KOB Dostu" Mərkəzlərini qeyd edib.
(Tərcümə: Orxan Nəbiyev)